HR-larımızın iş məmnuniyyəti ilə bağlı anket araşdırmasını ilk əvvəl universitetimizdə Araşdırma Metodları dərsi üçün final tapşırığı olaraq etməyi düşünürdüm. Daha sonra bu dərs üçün final tapşırığı dəyişdi, amma mən araşdırmanı aparmağa qərar verdim. Çünki, çalışanlarımızın iş məmnuniyyəti ilə maraqlanan, bunu artırmağın yolları haqqında baş sındıran HR-larımızın öz iş məmnuniyyətlərinin hansı səviyyədə olması mənə maraqlı gəlirdi. Yəqin ki, HR-larımız da bu haqda məlumatlarla tanış olmaq istəyər.
Daha çox xarici araşdırma nəticələri görürük və bəzilərimiz bu araşdırma nəticələrinin ölkəmiz üçün keçərli olmadığı düşüncəsindədir ki, heç də haqsız deyil. Apardığım bu araşdırma isə tam olaraq bizə aiddir, bizim ölkənin reallıqlarını və bizim HR-larımızın iş məmnuniyyətinə təsir edən faktorları qismən də olsa əks etdirir.
Anket araşdırmasında Paul E. Spector-un hazırladığı “İş məmnuniyyəti” (“Job Satisfaction”) anketi tərəfimdən (pis-yaxşı) tərcümə edilərək istifadə edilmişdir. Niyə bu anketi istifadə etdim? Çünki, iş məmnuniyyəti ilə bağlı aparılan araşdırmalarda daha çox bu formanın istifadə edildiyini və bu anketə etibar edildiyini araşdıraraq gördüm.
Anketlər vasitəsi ilə toplanan məlumatların analizi üçün SPSS (Statistical Package for the Social Sciences) proqramı istifadə edilib.
Anket araşdırmasının nəticələrinə keçmədən bir daha texniki imkanların daha yaxşı ola biləcəyi, doldurulması bir az çətin olan bu anketi dolduran, buna zaman ayıran bütün Dəyərli HR Həmkarlara dərin minnətdarlığımı bildirirəm, hər birinizə tək-tək təşəkkür edirəm. Dəstəyiniz üçün çox sağ olun. Anketdə iştirak etməyən, edə bilməyən, etmək istəməyən Dəyərli HR Həmkarlarımızı da anlayıram. Bəlkə də güvənmədikləri üçün doldurmağı uyğun görmədilər, çünki məlumatların fərqli məqsədlərlə istifadə edilməsi ehtimalı var idi. Haqlıdırlar, mən SHRM, Deloitte və ya PwC qədər etibarlı mənbə deyiləm, amma əmin olun ki, bu məlumatlar əsla başqa məqsədlər üçün istifadə edilməyəcək. Məncə bu araşdırmadan sonra az da olsa etibarınızı qazana biləcəyəm.
Beləliklə, Azərbaycan HR-larının, yəni ölkəmizdə fəaliyyət göstərən HR-ların iş məmnuniyyəti ilə bağlı aparmış olduğum anket araşdırmasının nəticələri ilə tanış ola bilərsiniz.
İlk öncə onu bildirmək istəyirəm ki, anket sorğusu 7 yanvar 2016 – 8 fevral 2016 tarixləri arasında keçirilib. Anket açıq şəkildə sosial mediyada olan insan resursları ilə bağlı qruplarda da paylaşılıb. 235 HR-a şəxsən müraciət edərək anket haqqında məlumat verdim və iştirak edərək dəstək olmalarını xahiş etdim. Bu 235 nəfərə aşağıdakı vasitələrlə yazdım:
Qeyd: * – 235 nəfərdən 1 nəfərə eyni zamanda LinkedIn və elektron poçtla, 3 nəfərə isə eyni zamanda LinkedIn və Facebook vasitəsi ilə müraciət edilib. Ona görə də müraciətlərin cəmi 239-dur.
Facebook vasitəsi ilə etdiyim 107 müraciətdən 54-ü, LinkedIn vasitəsi ilə 131 müraciətdən 18-i doldurulmuş anketlərlə cavab verdi. Elektron poçt vasitəsi ilə edilmiş müraciət cavabsız qaldı.
Ümumilikdə 72 HR anketləri doldurdu, bu da ümumi müraciət fonunda təxminən 31% deməkdir. Faiz olaraq pis nəticə deyil. Bundan sonra veriləcək bütün nəticələr bu 72 anketdəki məlumatlara əsaslanır.
Anket sorğusunda iştirak edən 72 HR-dan 22-si qadın, 50-si kişidir.
Sorğuda iştirak edən ən gənc HR-ın 21, ən böyüyünün isə 40 yaşı var. Yaş aralıqlarına baxdığımız zaman ən çox HR 26-30 yaş aralığındadır – 39 nəfər (54%). Yaş aralıqlarına aid diaqramda 72 nəfərin hansı yaş aralıqlarına aid olduğuna dair ümumi təsəvvür yaranır.
Anketdə iştirak edən HR-larımızın tam yarısı – 36 nəfər – universitetlərin bakalavr pilləsini bitirb. 31 nəfər magistratura və 5 nəfər isə doktorantura məzunudur.
Sorğuda iştirak edən 72 HR-dan 4-ü aldığı əmək haqq ilə bağlı məlumat verməyib, qalan 68 nəfərin əmək haqqı aralıqları bu şəkildədir.
Anket sorğusunda iştirak edən HR-ların 71%-i yerli şirkətlərdə/təşkilatlarda çalışır. Sadəcə 4 nəfər xarici şirkətlərdə, 17 nəfər isə müştərək şirkətlərdə fəaliyyət göstərir.
HR-larımız haqqında ümumi məlumatlarla tanış olduqdan və onlar haqqında təxmini təsəvvür əldə etdikdən sonra anket araşdırmasının əsas suallarına verilmiş cavablara keçək. Xatırladım ki, bu hissə 36 sualdan ibarətdir və mən bu sualları məzmun etibarilə yaxın olduqlarını düşündüyüm şəkildə qruplaşdırdım. Sizə bu nəticələri 10 ana başlıq altında təqdim edirəm.
Onu da qeyd edim ki, anket sorğusunda iştirak edənlər suallara/fikirlərə aşağıdakı 6 variantdan birini seçərək cavab verib və ya münasibət bildirib:
- Qətiyyən razı deyiləm
- Razı deyiləm
- Qismən razı deyiləm
- Qismən razıyam
- Razıyam
- Tamamilə razıyam
İndi nəticələlə tanış ola bilərik.
Azərbaycan HR-larının aldıqları əmək haqqı, digər haqq və ödəmələr (benefits) ilə bağlı düşüncələri
HR-ların 38%-i aldığı əmək haqqının ədalətli olduğunu düşünür (razı və tamamilə razı olanlar). Sadəcə 4% bu mövzuda çox narazıdır (qətiyyən razı olmayanlar).
HR-ların 36%-i aldıqları əmək haqqı ilə təqdir edildiklərini (razı və qətiyyən razı olmayanlar), 25%-i isə təqdir edilmədiklərini hiss edir (razı və tamamilə razı olanlar).
Anket sorğusunda iştirak edən HR-ların 32%-i haqq və ödəmələrdən (benefits) razıdır (razı və tamamilə razı olanlar). İştirakçılardan 22% isə qismən razıdır.
HR-lardan 35% aldığı haqq və ödəmələrdən məmnundur (razı və qətiyyən razı olmayanlar). Sorğuda iştirak edənlərin 50%-i isə aldıqları haqq və ödənişlər mövzusunda müsbət fikirdə deyil (razı olanlar, qismən və tamamilə razı olnalar). Əslində bu nəticələrə Şəkil 8-də olan nəticələrlə eyni zamanda baxılarsa daha məzmunlu fikir yarana bilər.
Azərbaycan HR-larının 70%-i aldıqları haqq və ödəmələrin (benefits) digər iş yerlərində olduğu qədər yaxşı olduğu düşüncəsi ilə müəyyən qədər də olsa razıdır (razı, qismən və tamamilə razı olnalar).
İşlədikləri təşkilatda almalı olduqları, amma müxtəlif səbəblərdən ala bilmədikləri haqq və ödəmələrin (benefits) olması ilə razılaşan (28%) və razılaşmayan (29%) HR-ların sayı hardasa eynidir.
HR-larımızın iş yerlərindəki əmək haqqı artışları ilə bağlı fikirləri
Ölkəmizdə fəaliyyət göstərən HR-ların 40%-i əmək haqqı artışlarından məmnun deyil (razı və qətiyyən razı olmayanlar).
Araşdırmada iştirak edən HR-ların 74%-i işlədikləri təşkilatda maaş artışlarının az olduğu fikrini müxtəlif dərəcədə olsa da müdafiə edir (razı, qismən və tamamilə razı olanlar).
HR-lar vəzifədə yüksəlmə şansları ilə bağlı hansı fikirdədir?
İşdə vəzifə artımı şansı ilə bağlı HR-larımız daha müsbət düşünür. Onlarınn 47%-i vəzifə artımı şanslarının az olmadığını düşünür (razı və qətiyyən razı olmayanlar).
Aşağıdakı diqaram bir daha təsdiq edir ki, HR-larımız vəzifə artımı şansı ilə bağlı ciddi problemlər olduğunu düşünmür. Onların 51%-i vəzifədə yüksəlmək üçün kifayət qədər şanslarının olduğunu düşünür (razı və tamamolə razı olanlar), 22% də bu fikirlə qismən də olsa razıdır.
Öz işində yaxşı olanlara ədalətli bir şəkildə vəzifədə yüksəlmə şansının verilməsi mövzusunda HR-ların 62%-i müsbət düşünür (razı, qismən və tamamilə razı olanlar).
Yuxarıda verilmiş son üç diaqramdan da görünən müsbət tendensiyaya baxmayaraq HR-larımızın 57%-i vəzifədə yüksəlmə mövzusunda işlədikləri təşkilat ilə digər təşkilatlar arasında fərq olduğunu düşünür (razı olmayanlar, qismən və qətiyyən razı olmayanlar).
Azərbaycanda fəaliyyət göstərən HR-ların işlədikləri təşkilatların hədəfləri və öz işləri haqqında fikirləri
HR-ların tam yarısı üçün işlədiyi təşkilatın hədəfləri müəyyən qədər də olsa açıq və dəqiq deyil (razı olanlar, tamamilə və qismən razı olanlar). Digər 50% isə bu mövzuda müəyyən mənada daha nikbindir, onlara görə təşkilatlarının hədəfləri tam aydındır. Ümumilikdə bu ifadəyə münasibətlərin faiz göstəricilərinə diqqət etdiyimiz zaman 6 cavab variantının hardasa bərabər sayda seçildiyini görürük.
HR-larımızın 51%-i öz işlərinin kifayət qədər açıq, aydın və dəqiq olduğu fikrindədir (Razı və qətiyən razı olmayanlar).
Anket sorğusunda iştirak edənlərin yarıdan çoxu (52%) işinin mənasız olduğu hissini yaşamır (razı və qətiyyən razı olmayanlar).
HR-ların təqdir edilmələri, mükafatlandırılmaları ilə bağlı düşüncələri
HR-larımızın 3/4-ü təqdir edildikləri ilə müəyyən mənada razıdır (razı, qismən və tamamilə razı olanlar).
Sorğuda iştirak edən HR-ların 31%-i təşkilatlarındakı işçilərin az mükafatlandırıldığı fikrindədir (razı və tamamilə razı olanlar).
Bu ifadəyə fikir bildirərkən HR-lar “qətiyyən razı deyiləm” cavabını bir dəfə də olsa seçməyib. Onların 36%-i işlərinin lazımi qədər mükafatlandırıldığı düşüncəsindədir (razı və tamamilə razı olanlar).
Bəs HR-lar öz işlərini bəyənirmi, öz işləri ilə qürur duyurmu, öz işlərindən məmnundurmu?
“İşimi bəyənirəm” ifadəsinə münasibət bildirərkən HR-ların “qətiyyən razı deyiləm” və “razı deyiləm” variantlarını seçməmələri xüsusi diqqət çəkir. HR-ların 75%-i işini bəyənir (razı və tamamilə razı olanlar). Ümumilikdə 97% işini bəyənmə mövzusunda müsbət fikirdədir.
HR-ların 69%-i öz işi ilə qürur duyur (razı və tamamilə razı olanlar). Bu ifadəyə münasibət bildirərkən HR-lar “qətiyyən razı deyiləm” variantını heç istifadə etməyib.
HR-ların 59%-nin iş yerindəki işləri etməkdən xoşu gəlir (razı və tamamilə razı olanlar). Bu ifadə üçün də “qətiyyən razı deyiləm” variantı istifadə edilməyib.
Anket sorğusunda iştirak edənlərin 54%-i öz işlərindən məmnun olduqlarını düşünür (razı və qətiyyən razı olmayanlar).
HR-larımızın 75%-i düşünür ki, onların təşkilatda etməli olduqları çox işi var (razı və tamamilə razı olanlar).
HR-ların təşkilatlarındakı formal işlər, yazışamalar və qaydalarla bağlı fikirləri
Araşdırmada iştirak edənlərin 1/4-i iş yerindəki qaydaların onlara mane olduğunu deyir (razı və tamamilə razı olanlar), bundan bir az artıq – 28% HR isə belə bir problemlə qarşılaşmadığını bildirir (razı və qətiyyən razı olmayanlar).
HR-ların 27%-i düşünür ki, formal işlər onlara nadir hallarda mane olur (razı və tamamilə razı olanlar).
32% HR işlədiyi təşkilatda yazışma və bənzər işlərlə çox məşğul olduğunu düşünür (razı və tamamilə razı olanlar).
HR-larımızın işlədiyi təşkilatlar nə qədər mübahisəli və davalı yerlərdir, onlar iş yerlərindəki ünsiyyət səviyyəsi ilə bağlı nə düşünür?
HR-ların tam yarısı düşünür ki, onların təşkilatında elə də çox mübahisə və dava olmur (razı və qətiyyən razı olmayanlar). 21% HR isə çox mübahisə və davanın olduğu bir təşkilatda işlədiyi fikrindədir (razı və tamamilə razı olanlar).
HR-ların 45%-i işlədikləri təşkilatların ünsiyyət səviyyəsindən məmnundur (razı və tamamilə razı olanlar).
Anket sorğusunda iştirak edənlərin 39%-i təşkilatda nə baş verdiyini yaxşı bildiyini deyir (razı və qətiyyən razı olmayanlar). Sadəcə 16% bu baxımdan məlumatsız qaldığını bildirir (razı və tamamilə razı olanlar).
HR-lar öz iş yoldaşlarını nə dərəcədə bəyənir, onları nə qədər səriştəli hesab edir?
HR-ların 63%-i bir yerdə işlədiyi insanları bəyəndiyini qeyd edir (razı və tamamilə razı olanlar).
Yuxarıdakı ifadəni müəyyən qədər təkrarlayan bu ifadədə də HR-ların münasibətləri müsbət istiqamətdədir. Onların 64%-i iş yoldaşlarını bəyənir (razı və tamamilə razı olanlar).
HR-larımızın 1/4-i iş yoldaşlarının səriştəsizliyindən və buna görə də işdə daha çox qalıb işləməli olduqlarından narazıdır (razı və tamamilə razı olanlar). Amma 43% bu mövzuda hər hansı bir problem yaşamır (razı və qətiyyən razı olmayanlar).
HR-ların müdirləri haqqında düşündükləri
HR-ların 58%-i öz müdirini bəyənir (razı və tamamilə razı olanlar). Sadəcə 4%-in müdirlərini görməyə heç gözü yoxdur (qətiyyən razı olmayanlar).
Anket araşdırmasında iştirak edən HR-ların 67%-i düşünür ki, müdirləri onlara qarşı ədalətlidir (razı və qətiyyən razı olmayanlar).
HR-larımızın yarısı (49%) öz müdirlərini kifayət qədər səriştəli hesab edir (razı və tamamilə razı olanlar).
HR-ların 47%-i düşünür ki, müdirləri işçilərin hissləri ilə kifayət qədər maraqlanır (razı və qətiyyən razı olmayanlar).
Tövsiyə olunan digər yazılar:
- HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə
- SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.
- İnsan Resursları ilə şirkət performansı arasında əlaqə varmı ?
- 2016 üçün İşə Qəbul Trendləri
- Öz dilimizdə izlədiyim faydalı bloqlardan bəziləri haqqında.
- CC abreviaturasının dilimizdə 12 fərqli açılışı.
- Hansı namizədi seçməliyik ? “Gümüş qaşıq”, yoxsa “döyüşkən” olanı ?