Bu mövzuda çox yazılar var. İstər xarici mənbələrdə, istərsə də yerli mənbələrdə CV hazırlanması, bu zaman yol verilən xətalar haqqında oxumaq olar. Bu dəfə Sizinlə İşə Qəbul üzrə iş təcrübəsi olan, yüzlərlə CV ilə tanış olan, eyni zamanda müəyyən dövrlərdə də təbii olaraq iş üçün müraciət etmiş namizəd olaraq təcrübə və təəssüratlarımı bölüşmək istəyirəm. Bu yolla iş axtaran şəxslərə bəlkə kiçik də olsa bir faydam toxunar.

  1. CV-lərin həcmi bəzən çox böyük, bəzən də çox kiçik olur. İdeal CV ölçüsü yoxdur, bu müraciət edilə vəzifəyə, namizədin profilinə görə dəyişə bilər. Xarici mənbələrdə də CV uzunluğu üçün fərqli göstəricilər təklif olunur. Amma ümumən baxdığımız zaman iki və ya maksimum üç səhifəlik CV daha uyğun hesab edilir. Fərqli araşdırmalara görə HR-lar hər bir CV ilə tanış olmaq üçün çox az zaman ayıra bilir. Bunun üçün də uzun-uzadı, bəlkə də yazılmasa da məqbul olacaq məlumatları yazmamaqda fayda var. Beş və ya səkkiz səhifəlik CV-lərin tamamilə oxunma ehtimalı o qədər də yüksək deyil. Çox qısa, əksik məlumatlarla CV göndərmək də məqsədəuyğun deyil.
  2. CV-lərdə yerləşdirilən şəkillər artıq uzun zamandır ki, HR-lar arasında populyar mövzulardan biridir. Bu mövzuda çox yazılır, sosial mediyada zarafatyana paylaşımlar edilir. Səmimi deyim ki, CV-lərdə çox qeyri-adi şəkillər görmüşəm. Bir-bir sadalamaq və kimlərisə qınamaq istəmirəm, sadəcə bəzi məqamlara diqqət çəkmək istəyirəm. CV-lərdə şəkil yerləşdirərkən daha çox rəsmi formada olan və son zamanlarda çəkdirdiyiniz şəkli seçmək məsləhətdir. Geyim, fon, ölçü, məkan, işıqlanma, rəng kimi faktorlara diqqət etməyiniz yaxşı olar. Şəkilsiz CV göndərmək də uyğun hesab edilmir.
  3. CV-lərdə qeyd etdyiniz əlaqə vasitələrinin düzgün olmasına (gülməli, uyğunsuz olmamasına, misal üçün, “crazyboy_007@abc.abc” kimi) və eyni zamanda bu vasitələri hal-hazırda istifadə edib etmədiyinizə diqqət edin. Misal üçün, qeyd etdiyiniz elektron poçt və ya telefon nömrəsini artıq istifadə etmirsinizsə, yaxud CV-də qeyd etdyiniz telefon nömrəsini işə müraciətdən sonra bağlamısınız, işlətmirsiniz, işlətmək üçün başqasına verirsinizsə, bu barədə müvafiq tədbir görün. Ya əvvəlcədən dəyişin, ya da müraciət etdiyiniz yerlə əlaqə saxlayaraq yeni əlaqə vasitənizi bildirin. Çünki bəzən Sizi iş üçün dəvət etmək istəyən şəxsin zəngi cavabsız qalır və ya başqa insan bu zəngə cavab verir ki, bu da arzu olunan hal deyil.
  4. Yalan və səhv məlumatların verilməsi Sizi etibarsızlaşdıra bilər. CV-yə daxil etdiyiniz bir səhv və ya yalan məlumat Sizin haqqınızda olan dəyərli və bəlkə də o işə qəbul olmağınıza kifayə edəcək digər məlumatları da şübhə altında qoyur (Horn effektində olduğu kimi, haqqınızda neqativ bir fakt Sizin digər bütün müsbət tərəflərinizi kölgədə qoyur). Ona görə də keçmiş işləriniz, bilik və bacarıqlarınız haqqında doğru məlumatlar versəniz, daha yaxşı olar.
  5. Sosial mediya hesablarının CV-lərdə qeyd edilməsi də artıq Sizin daha yaxşı tanınmağınız üçün müsbət rol oynaya bilər. Bunun üçün də sosial mediya hesablarınızın Sizin haqqınızda müsbət fikir yaratmasını təmin etməlisiniz. Bu mövzuya Sosial mediyanın 7 qaydası adlı yazımda geniş bir şəkildə yer vermişəm.
  6. CV-lərdə standart xobbilərin qeyd olunması da bir digər maraqlı məqamdır. Misal üçün, şahmat oynamaq, kitab oxumaq kimi. Şahmat və ya kitab oxumaq xobbi ola bilər, təbiidir. Amma rastlaşdığım CV-lərin böyük əksəriyyətində bunlara rast gəlirəmsə, mənim də təəccüblənməyə əsasım var. Çünki metroda, avtobuslarda, parklarda kitab oxuyan yox dərəcəsindədir. Şəhərdə kütləvi şəkildə şahmatın oynandığının da şahidi olmamışam. Xobbiləri həqiqətə uyğun olaraq yazmaq daha yaxşı olar.
  7. CV-nin dizaynı, yazı tipi, şrift ölçüləri və istifadə edilmiş rənglər, effektlər də önəmi məsələlərdən biridir. Oxunması çətin olan yazı tipi, çox kiçik və ya çox böyük şriftlər, hədsiz dərəcədə fərqli rənglərdən istifadə etmək çox da məqsədəuyğun deyil. Bütün bunlar CV-ni oxunması çətin bir hala salır və Sizin haqqınızda mənfi fikir yaradır.
  8. Cover letter (müşayiətedici məktub) yazmaq və bunu da CV-yə əlavə olaraq göndərməyiniz faydalı olar. Bu barədə Taleh Qasımovun çox dəyərli bir yazısı var, bu yazıdan daha geniş məlumat əldə edə bilərsiniz.
  9. Keçmiş iş yer(lər)indən rekomendasiya/tövsiyə edən şəxslərin olmaması da diqqət çəkir. Adətən şirkətlərin özləri işə müraciət forması hazırlayır və burada da mütləq Sizi tövsiyə edə biləcək şəxslərin əlaqə vasitələri tələb olunur. CV-lərinizdə bu bölməni özünüzün hazırlamağınız Sizə olan güvəni, etibarı artıra bilər. Amma HR-ı aldatmaq üçün valideyin, dost və ya keçmiş sıravi iş yoldaşınızı rekomendasiya bölməsinə yazmaq xoş bir hal deyil, bunun onsuz da tez və ya gec üstü açılacaq.
  10. CV hazırlayarkən yol verilən qrammatik və orfoqrafik səhvlər Sizi gözdən sala biləcək bir digər faktordur. Səhv hər zaman ola bilər, amma həddindən artıq səhvin olması Sizin işə ciddi yanaşmamağınız kimi qiymətləndirilə bilər. Bunun üçün də CV-ni hazırladıqdan sonra bir neçə nəfərə yoxlatmağınız faydalı ola bilər.
  11. Əvvəlki işlərinizdə nələr etdiyiniz (vəzifə öhdəlikləri) haqqında məlumat verilməsi də faydalı ola bilər. Vəzifə öhdəliklərini yazarkən hansı işləri gördüyünüz, nələrdən məsul olduğunuz haqda sadə və anlaşılması asan olan cümlələrlə məlumat verə bilərsiniz.
  12. CV hazırlayarkən iş təcrübəsi olmayan yeni məzunlar iştirak etdikləri təcrübə proqramları (staj), sosial fəaliyyətlər, könüllü olaraq qatıldıqları tədbirlər haqqında məlumat verə bilərlər. Çünki iş təcrübəsi olmayanlar üçün bu cür fəaliyyətlər işə qəbul edilmələri üçün əsas ola bilər.

Son olaraq bütün iş axtaran, iş elanlarını araşdıran, şirkətlərdəki vakansiyalara həvəslə, ümidlə müraciət edən bütün namizədlərə uğurlar arzu edir, ən qısa zamanda özlərinə uyğun bir iş tapmalarını diləyirəm. Bu yazını yazmaqda məqsədim iş axtaran şəxslərə CV-lərini daha yaxşı hazırlamaqda dəstək olmaqdır. Uğurlar!


Qeyd: İstifadə edilmiş şəkil fərqli mənbədən götürülüb.


Tövsiyə olunan digər yazılar:

5 thoughts on “İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam

    1. Çox dəyərli Könül Cəfərli.
      Bu yazı daha ümumi prinsipləri əhatə edir. İdeal bir CV forması yoxdur. Amma Sizin üçün ən yaxşı sayıla biləcək CV-ni hazırlaya biləcək ünvana Sizi yönləndirə bilərəm. CV hazırlanması ilə peşəkar olaraq məşğul olan insanlar var, mənim sahəm deyil. Mən işə qəbulda bir il işləmiş biri olaraq gördüyüm, düşündüyüm halları yazmışam.
      Hörmətlə.

      Bəyən

      1. Vaxt ayırıb cavablandırdığınız üçün ayrıca teşekkürler. Üstelik amazing CV hazırlanması üzre peşekar olaraq çalışan ve yararlı meslehetler vere bilecek birine yönlendirseniz şad olardım..

        Hörmetle ,

        tərəfindən bəyənildi 1 şəxs

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma