Regina Hartley-in TED.com-da  Why the best hire might not have the perfect resume  adlı çıxışının baxılma sayı iki milyona çatır. (Yəqin ki, mənim kimi çox adamın yarasının üstünə su səpir 😉 ). Çünki mən də “gümüş qaşıq” deyiləm, “döyüşkən” insan tipiyəm, xanım Hartley-ə görə.

“Gümüş qaşıq” kimdir? Çox yaxşı bir universitet bitirmiş namizəd düşünün, elit bir universitet, sahəsi ilə bağlı beynəlxalq təşkilatlara üzvdür, əla rekomendasiyaları var.

“Döyüşkən” kimdir? Bitirdiyi universitet çox da tanınmış deyil, bir işdən başqa bir işə tez-tez iş yerlərini dəyişib. Bir-biri ilə əlaqəsi olmayan işlərdə işləyib (misal üçün, kassir, ofisiant, təmirçi və s.).

Düşünün ki, bu namizədlərin hər ikisi sizin şirkətdə elan etdiyiniz bir vakansiya üçün tam uyğundur. Hər ikisi. Tam.

Regina Hartley izah edir ki, “gümüş qaşıq” olanların həyatları uğurlara dolu olduğu, elit universitetlərdən məzun olduqları üçün hər işə razı olmur, bəzi işləri öz səviyyələrində görmürlər, bu işlərdə işləməyə başlasalar belə tezliklə işdən çıxırlar.

Digər tərəfdən, “döyüşkən” olanlar isə hər işdə işləməyə vaxtı ilə razı olduqları, daima mübarizə apardıqları, çətinliklərlə yoğurulduqları üçün onlara verilən işlərdə daha yaxşı performans göstərəcək və sonuna qədər savaşacaqlar. Son olaraq da tövsiyə edir ki, siz “döyüşkən” olanı seçin.

Mənim burada toxunmaq istədiyim bəzi məqamlar var. İlk əvvəl, əslində məncə Regina Hartley-in dediklərində həqiqət payı var. Bunu kiçik də olsa şəxsi təcrübəmdən də görmüşəm. Ölkə səviyyəsində yaxşı deyə biləcəyimiz universitetlərdən məzun olmuş, hətta MBA tələbəsi və ya məzunu olan namizədlərlə işə qəbul meneceri olaraq çox görüşmüşəm. Dəfələrlə bu cür şəxslərin işləri özlərinə yaraşdırmadığını, işə alındıqları halda da bir neçə gün sonra qaçdıqlarını görmüşəm. Açığı bir az təcrübə yığandan sonra bu cür namizədlərə məsələni fərqli şəkildə izah etməyə başladım, düşüncəmə görə eyni zamanda onlara yaxşılıq etdim və işə almadım. Öz sahələri üzrə daha az maaşla və ya maaşsız təcrübə proqramlarına istiqamətləndirdim. Digər tərəfdən, “döyüşkən” olanların da işlərindən dörd əllə tutduqlarının, var gücləri ilə çalışdıqlarının şahidi olmuşam.

İkincisi, Regina Hartley özü də etiraf edir ki, o “gümüş qaşıq” deyil, “döyüşkən” insan tipidir. Yəni özünün əksi olaraq gördüyü insan tiplərinə qarşı danışır. Mən isə düşündüm ki, mənə toxunsa da ədalətli olanı yazım. Təbii ki, mənə görə. Mən də “gümüş qaşıq” deyiləm, Harvard, Oxford, MIT məzunu deyiləm, öz ölkəmdə belə ən yaxşı sayılacaq universitetlərdən birini bitirməmişəm. Amma işin tələblərinə uyğun namizəd seçilməsinin tərəfdarıyam. Təhsil, iş təcrübəsi, sektorda və ya konkret sahədə təcrübə, sertifikatlar, referanslar, bitirilmiş ixtisas artırma kursları, səriştəlikləri və s. işin tələblərinə görə əmsallaşdırılmalıdır. Bu namizəd mənim kimidir və ya mənim kimi deyil deyə qərar vermək çox da müsbət nəticələr verməyəcək. Deyə bilərsiniz ki, xanım Hartley fikrini o şəkildə ifadə etmir, sadəcə əsaslandırmağa çılışır. Amma mən burada psixoloji faktorların dövrəyə girdiyini düşünürəm, özü ilə eyni düşüncədə olan, eyni çətinlikləri yaşamış insanları dəstəkləmə duyğusunun üstünlük təşkil etdiyini hiss edirəm, onun emosiyalarını bu qədər işə salması mənə bunu düşünməyə əsas verir.

İcazənizlə Sizə daha bir maraqlı nümunə verim. Bu çıxışdan bir müddət sonra, bu çıxışı dəstəkləyən başqa bir yazı oxudum. Harvard’a değil tecrübeye bakıyorum adlı yazıda bir xanım HR deyir ki, bizə Harvard və Stanford-dan belə CV-lər gəlir, amma bizim üçün əsas olan təcrübədir. Namizədlər təhsilə çox fokuslanıb universitet adına aldanırlar, “bizi hamı işə alar” deyə özlərindən razıdırlar və s. Mən bu müsahibədə hissi yanaşma olduğunu düşündüm. Xanım HR-ın özü kimi olmayan namizədləri qaraladığını hiss etdim. Tez onun harda təhsil aldığına baxdım. Xanım HR Mərmərə Universiteti İngilis Dili və Ədəbiyyatı üzrə bakalavr məzunudur. Necə deyərlər, “başqa sualım yoxdur, möhtərəm hakim.”

Bu məqamda qeyd etməyi özümə borc bilirəm ki, mən də “döyüşkən” insan tipiyəm və o səviyyələrdə oxumaq mənə də bu günə qədər nəsib olmadı. Amma “igidi öldür, haqqını yemə.” Harvard, Stanforfd kimi universitetlərin təmsil etdiyi elit universitetlərə girmək də, onları yüksək nəticələrlə bitirmək də hər “oğulun” işi deyil. Mən bu universitetlərdən məzun ola bilmədim deyə, bu insanlara layiq olduqları vəzifələri verməmək də normal deyil. Təhsil işə qəbul zamanı digər meyarlar kimi bir faktordur, hər şey olmadığı kimi, heç nə də deyil. Bəzən o təhsili almış insanların analitik düşünmə qabiliyyətini, bilik və bacarığını heç bir təcrübəli şəxsdə tapmaya bilərik. Önəmli olan qərəzsiz olmaqdır.

Məncə burada digər bir məqam da bu yüksək vəzifəli şəxslərin gələcəkdə öz mövqelərini itirmək qorxusudur. Çünki, üst səviyyəli, karyera palnaması mükəmməl olan, səriştəlik əsaslı irəliləmə imkanlarına malik şirkətlərdə zamanla elit unniversitet məzunları ideal pillələrə gələ bilər. Bu zaman “döyüşkən” rəhbərlər komandadakı mövqeyini də itirə biləcəyi üçün buna əvvəlcədən tədbir görmüş ola bilərlər. Bunun üçün də yuxarıda da göstərlidiyi kimi ilk əvvəldən bu şəkildə bir yanaşma irəli sürmək və bunu bir az da arqumentlərlə bəzəmək daha məqsədə uyğundur, eyni zamanda heç kim sizdən şübhələnməz. Siz də gecələri rahat yatarsınız. Necə də olsa, səhər tezdən sizi holdinqin yerləşdiyi göydələnin üst qatlarında “C” kateqoriyalı lövhə asılmış lüks bir otaq gözləyir. Hələ köməkçinin dəmlədiyi isti çayı, hazırladığı qəhvəni, masanızın üstündəki mətbəə qoxulu təzə qəzetləri demirəm 😉


Qeyd: İstifadə edilmiş şəkil fərqli mənbədən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma