Bloqun 20-ci yazısı İnsan Resursları (İR/HR) Konsultant Orxan İsayev ilə reportaj olaraq hazırlandı. Əvvəlcədən dəyərli zamanı və gözəl müsahibə üçün Orxan İsayevə təşəkkür edirəm. Onu da qeyd edim ki, bu bloqda ilk müsahibədir.

Beləliklə, çox uzatmadan müsahibəyə keçək. Buyurun.

BU
Orxan İsayev ilə müsahibə

 İlk əvvəl Sizi daha yaxından tanıyaq. Orxan İsayev kimdir? Mümkünsə özünüzü bir qədər təqdim edərdiniz.

– Millətinə faydalı olmaq istəyən və dəyişiklik axtarışında olan Azərbaycan gənci desəm, düşünürəm daha düzgün olar.

Təhsilim barədə onu qeyd edə bilərəm ki, bakalavr və magistratura təhsilimi Biznesin idarə edilməsi (BBA və MBA) üzrə müvafiq olaraq Qafqaz Universiteti və köhnə adı ilə desək ADNA-da almışam. Təhsil adığım müddətdə daha çox insan resursları, marketinq və keyfiyyətin idarə edilməsi sahələri üzrə ixtisaslaşmağa maraq göstərmişəm. Hal-hazırda doktorantura – PhD təhsilimi davam etdirirəm.

İş həyatıma beynəlxalq şirkətdə (Chemonics International) başlamışam. İş həyatımın 6 ildən çoxu idarəetmə sahəsi üzrə məsləhət, təlim və araşdırma xidmətləri sektorunun payına düşür. İnsan resursları sahəsində 6 ildən çoxdur ki, konsultant və təlimçi olaraq fəaliyyət göstərirəm. Əsasən insan resursları sistemləri və “people management” üzrə kurs və təlimlər verirəm. Azərbaycanda, eyni zamanda xaricdə insan resursları sahəsində konsultasiya layihələrində məsləhətçi və layihə rəhbəri olaraq çalışmışam. Hal-hazırda Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə ən böyük layihədə məsləhətçi olaraq karyeramı davam etdirirəm. Eyni zamanda şirkətlərə insan resursları üzrə konsultasiya və təlim xidmətləri verirəm.

– İnsan resursları Sizin üçün nədir?

 Bir sahə olaraq ələ alsaq, insan resursları şirkət hədəfləri istiqamətində insan resursları strategiya, siyasət və sistemlərinin mövqeləndirilməsi fəaliyyətidir. Təbii ki, bu tərif İR-nın strateji tərəfini əks etdirir.Əgər insan olaraq nəzərə alsaq, dəyişən tələblərə uyğun olaraq lazımi səriştələrə sahib olan, şirkətdə insan resursları siyasətini müəyyən edən və həyata keçirən peşəkar kimi təsvir edə bilərəm. Bu baxımdan insan resurslarının strateji roluna daha önəm verdiyimi ifadə etmək istərdim.

– HR kim və ya nə deyil?

– HR strateqdir, kargüzar deyil. HR dəyərdir, xərc deyil. HR aktivistdir, izləyici deyil. HR qandır, hava deyil. Təbii ki, bunu HR-a verilən əhəmiyyəti çatdırmaq üçün bu cür ifadə etdim. Çünki HR şirkətlərdə dəyişiklik yaradacaq və şirkət nəticələrinə təsir edən şəxs olmalıdır.

– Ölkəmizdə İR-nın hal-hazırkı vəziyyəti. Çatışmazlıqlar. Nələri düz etmirik?

– Bir sahənin inkişafı üçün əlverişli mühitin olması olmazsa-olmaz şərtlərdən biridir. Bu baxımdan azad rəqabət şəraiti tam olmayan ölkələrdə müxtəlif sahələrin inkişafı şübhə altındadır. Heç şübhəsiz təkmil rəqabət olmayan iqtisadiyyatlarda insan resurslarının inkişaf etməsi çox çətindir. Çünki rəqabət zəifdirsə, insan kapitalına və ya əmək resursuna verilən aşağı dəyərin həmin sahənin inkişafını ləngidəcəyi labüddür. Bu baxımdan istedadlar üçün şirkətlərin mübarizəsini düşünmək belə əbəsdir. Əgər ölkəmizin müstəqilliyinin 22 ilinə nəzər yetirsək bunun 10 ildən çoxunu şirkətlərimizdə əsasən kadrların idarə edilməsinə, yəni kadr inzibatçılığına daha çox önəm verildiyini görə bilərik. Bu baxımdan insan resurslarının bir çox şirkətlərdə biznes tərəfdaş olması və ya şirkətin strateji planlarında yer almasından söz belə gedə bilməz. Elə bil bir qədər qəti fikrimi bildirdim.Bir sıra şirkətlərimizdə bu kimi təcrübənin olduğu deyilsə də həqiqi mənada bu yanaşmanın olmadığına şahid ola bilərik. Eyni zamanda bir çox şirkətlərdə yuxarı rəhbərlikdə müasir idarəetmə anlayışına və təcrübəsinə sahib olmayan şəxslərin yer alması bu sahənin də inkişafına mane olur. Çünki İR-na lazımi dəyər verilmir. İnsan resursları üzrə strateji düşünən peşəkarların da az olması da təbii ki səbəblərdəndir.

Sevindirici hal odur ki, insan resurslarının idarə edilməsi və ya oxşar adlarla xüsusilə Azərbaycan Dövlət İdarəçilik Akademiyası, ADA, Qafqaz Universitetlərində fənlər tədris olunur. Ümid edirəm ki, bu tədris nəzəri olmaqla qalmayacaq və təcrübi biliklərlə, yəni praktika ilə də möhkəmlənəcək.

“HR-lar insan resurslarının şirkətlərdə rolunun artırılması istiqamətində nələr edə bilər?” sualını versəniz, rəhbərliyə təqdim etdikləri layihələrin və ya təkliflərin mütləq xərc-gəlir (cost-benefit təhlili) əsaslandırmasını həyata keçirməli olduqlarını, eyni zamanda hər bir fəaliyətdə maraqlı tərəfləri (stakeholders) tərəfdaş seçməli və bu fəaliyətlərdə onlara əks olunacaq faydanı anlatmalı və çatdırmalı olduqlarını deyərdim.

– Xarici praktikaları tətbiq etmək istəyərkən nələrə diqqət etməliyik?

– İlkin olaraq şirkətin bu təcrübənin tətbiqinə hazır olub olmadığını müəyyən etmək lazımdır. Eyni zamanda insan resursları digər struktur bölmələrdən gələ biləcək müqaviməti nəzərə alaraq, bu dəyişikliyin hansı şəkildə müsbət təsirinin olacağını çatdırmaqla sistemin tətbiqinə sahiblənmələrini təmin edə bilər ki, bu da çox əhəmiyyətlidir. Bir sıra hallarda rəhbərliyin səyi burda əhəmiyyətli rol oynayır.  Sistem dəyişikliklərinin mərhələli şəkildə həyata keçirilməsi də zəruridir. Xüsusilə, şirkətin ölçüsünü nəzərə almaq lazımdır. Çünki, ən mütərəqqi sistemlər qurulduqda belə bu sistem idarə edilə bilmədiyi təqdirdə şirkətin İR struktur bölməsi və digər icraçı şəxslər üçün bu sistem yük olaraq qalacaq.

– HR sahəsində peşəkar biliklərə sahib olmaq istəyənlər üçün hansı kitabları tövsiyə edərdiniz?

– İnsan resurları sahəsində ixtisaslaşmaq istəyən şəxslər üçün zəruri bildiyim kitablardan biri Michael Armstrong-un “Human Resource Management Practice” kitabıdır. Bununla yanaşı Gary Dessler-in və Robert Mathis-in ayrı-ayrılıqda müəllifləri olduqları “Human Resource Management” adlı kitabları da yeni başlayanlar üçün əvəzsiz kitablardır.

İnsan resurslarının müxtəlif sahələri üzrə çox faydalı kitablara Dave Ulrich-in və Dave Dubois-in səriştə (competency) ilə bağlı yazdıqları kitablar da daxildir. Performans idarəetməsi və Əməyin ödənilməsi və imtiyazlarla (Rewarding) bağlı mövzularda isə Michael Armstrong daha peşəkardır deyə bilərəm. İstedadların idarə edilməsi ilə bağlı olaraq isə Josh Bersinin yazdığı məqalələrin daha faydalı olduğunu düşünürəm. Əslində başqa zəruri kitablar da var. Amma düşünürəm tövsiyə edə biləcəyim əsas ədəbiyyat siyahısı üçün bunlar kifayət edər.

– Tövsiyə etmək istədiyiniz müəlliflər kimlərdir?

– Tövsiyə edəcəyim müəlliflər Dave UlrichMichael ArmstrongJosh BersinJohn BoudreauGary Dessler və digərləridir. Bu şəxslər öz sahəsi üzrə araşdırma fəaliyyətləri olan, hətta Fortune 100-də yer alan şirkətlərə məsləhət xidmətləri verən şəxslərdir. İR sahəsinin məsləhətçilər yolu ilə öyrənilməsini daha çox tövsiyə edərdim. Ona görə də məhz bu adları sadalamağı lazım bildim.

– İR-nın hansı sahəsi, qolu Sizi daha çox cəlb edir?

– Maraqlı sualınız üçün təşəkkürlər. İnsan resurslarının bütün sahələri məni cəlb edir. Çünki, hər birinin insan resurslarının fəaliyyətində əhəmiyyətli payı var. Amma insan resurslarının planlaşdırılması, əməyin ödənilməsi və imtiyazlar, əsasən də strateji insan resursları sahəsi mənim maraq dairəmdə daha çox yer alır.

– Gənc HR-lara yerli, yoxsa xarici şirkətlərdə, kiçik, yoxsa böyük şirkətlərdə başlamağı tövsiyə edərdiniz? Səbəbləri nələrdir?

– Doğrusu insan resursları yerli şirkətlərdən daha çox xarici şirkətlərdə inkişaf edib. Buna səbəb həmin şirkətlərdə insan resurslarının müasir yanaşmalarının tətbiqidir. Bu şirkətlərdə insan resursları üzrə peşəkarlaşmaq üçün daha böyük imkanlar var. Amma təəssüf ki, neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə insan resursları üzrə peşəkarlaşmaq üçün dar ixtisaslaşmanı seçmək məcburiyyətdir. Çünki bir vəzifədə yüksəlmə imkanları çox zaman uzun müddət tələb edir. Bu səbəbdən də həmin şirkətlərdə bir çox hallarda dar sahə üzrə, amma beynəlxalaq təcrübəni öyrənmək imkanı olur. Eyni zamanda, peşəkar inkişaf üçün istər müxətlif öyrənmə proqramları, istərsə də relokasiya (səfərbərlik) yolu ilə imkanlar daha böyükdür.

Azərbaycanda fəaliyyət göstərən şirkətlərə gəldikdə HR kimi işləmək üçün müqayisəli olaraq Azersun Holding və Pasha Construction  şirkətlərini daha çox tövsiyə edərdim. Buna səbəb odur ki, digər şirkətlərdən fərqli olaraq bu şirkətlərdə insan resursları sahəsinin daha yaxşı inkişaf etdiyini düşünürəm. Bununla belə Azercell və Nar Mobile şirkətlərinin də insan resursları sistemlərini təkmilləşdirmək üçün layihələr həyata keçirdiklərini və müsbət nəticələr əldə etdiklərini bilirəm.

– Hal-hazırda ən çox hansı xarici mənbələri izləyərək biznes və xüsusən İR sahəsində yeniliklərdən, trendlərdən xəbər tutursunuz ?

– Bu sahədə SHRMHRCI və CIPD qurumlarının və eyni zamanda PwCDeloitte kimi şirkətlərin hesabat və məqalələrini daha çox izləyirəm. İnternet yazılarına gəldikdə HR.comHBR.org və eyni zamanda HR ExaminerHR Morning və digər bloqları vaxt çərçivəsində izləyirəm. Jurnallara gəldikdə isə HR MagazinePeople Management və digərləri izlədiyim mənbələr arasında yer alır.

– Təlimlərinizdə HR-ları daha çox hansı istiqamətdə yetişdirməyə, gücləndirməyə çalışırsınız?

– İR sahəsində keçirilən kurslarda insan resurslarının inzibati, əməliyyat rolundan əlavə olaraq şirkətlərdəki strateji roluna önəm verməyə çalışıram. Bu baxımdan tədris zamanı insan resurslarının şirkət nəticələrinə təsiri ilə bağlı biznes proses idarəetməsi, performans indikatorlar (metriks və ya əmsallar), strategiya və siyasətlərin hazırlanması ilə bağlı təcrübələri də nəzərə alıram. Bu baxımdan Balanslaşdırılmış Göstəricilər  Sistemi və HR Balanslaşdırılmış Göstəricilər  Sistemi, strateji xəritələmə, davamçıların planlaşdırılması (sucession planning), istedadların idarə edilməsi kimi mövzulara da yer verirəm.

12645216_962305683818657_4083322357614408402_n
Orxan İsayev İR ilə bağlı növbəti təlim zamanı

– Çox məşğul olduğunuzu bilirəm. Zaman ayırdığınız və suallara bu qədər detallı cavablar verdiyiniz üçün Sizə təşəkkür edirəm. Çox sağ olun.

– Mən təşəkkür edirəm.


Tövsiyə olunan digər yazılar:

 

4 thoughts on “HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma