“Mobbing” – latınca “mobile vulgus”dan gəlir. İngiliscə “mob” hücum etmək, narahat etmək mənasınadadır. “Mobbing” termin olaraq dilimizə psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir. Bu yazıda psixoloji şiddət “mobbing” sözünün dilimizdəki qarşılığı olaraq qəbul edilmişdir.

Psixoloji şiddət anlayışı ilk dəfə Dr. Hayns Leymann tərəfindən 1984-cü ildə istifadə edilib. Qısa olaraq bu şəkildə izah edilə bilər: düşünün ki, işdə bir işçiyə qarşı bir nəfər və ya bir qrup planlı şəkildə təzyiq göstərir. Dayanmadan onun peşəkarlığını şübhə altına almağa, onu etibarsızlaşdırmağa, sıxışdırmağa, görməzdən gəlməyə, özlərindən kənar tutmağa, danışdırmamağa, dediklərini eşitməməyə, fikirlərini dinləməməyə, xor görməyə, ələ salmağa, alçaltmağa, bəlli zaman ərzində edə bilməyəcəyi işləri tələb etməyə, haqqında dedi-qodu etməyə, iftira atmağa, ondan məlumatları gizləməyə, onun səlahiyyətlərini azaltmağa çalışırlar. Bu insanın məruz qaldığı hadisə məhz psixoloji şiddətdir.

Psixoloji şiddətin növləri :

  1. Yuxarıdan aşağıya – rəhbər(lər)in işçilərinə qarşı tətbiq etdiyi sistemli təzyiq və şiddət.
  2. Aşağıdan yuxarıya – bir qrup işçinin bəlli rəhbərə qarşı yeritdiyi sistemli təzyiqlər.
  3. Üfüqi – təxminən eyni kateqoriya və ya səviyyəyə aid işçilər arasındakı psixoloji şiddət.

Rəhbərə qarşı psixoloji şiddət bir az qeyri-ciddi görünə bilər, amma bəzən keçmiş rəhbərə bağlılıq, yeni rəhbəri heç cür qəbul etməmək, yeni rəhbərlə ideoloji olaraq əks olmaq kimi faktorlar ortaya çıxır. Bu zaman bir qrup işçinin qəsdən işlərini axsatması, vəzifələrini rəhbərin mövqeyini zəiflədəcək şəkildə istifadə etmələri, onu gözdən salmağa çalışaraq bezdirmələri, vəzifəsini normal bir şəkildə yerinə yetirməsinə imkan verməmələri də psixoloji şiddətdir.

ABŞ-da aparılan araşdırmalarda işləyən kişilərin 15%-i, qadınarın isə düz 41%-i psixoloji şiddət qurbanıdır. Bunun iqdisadiyyata vurduğu zərər təxminən 180 milyon dollardır. Psixoloji şiddətə məruz qalan qadınların 31%-i, kişilərin isə 21%-i o dərəcədə əsəb və stres keçirirlər ki, aldıqları ciddi travma onları iş mühitindən uzaqlaşdırır.

Psixoloji şiddət haqqında düşündüyüm zaman həmişə ağlıma iki şey gəlir. Birincisi, daha çox hərbiçilərin və polislərin istifadə etdiyi ratsiyaların iş prinsipi. Ratsiyada kanallar olur, misal üçün, 1, 2, 3, … və sair. Siz digərlərinin eşitməməsi üçün bəlli insanlarla bəlli kanallarda danışa bilirsiniz. İş mühitindəki görməzdən gəlmək, danışdırmamaq, qrup halında danışaraq bəlli insanları bu qrupa almamağı hər zaman buna bənzədirəm.

İkincisi, Barselona və ümumilikdə İspaniya futboluna daha çox xas olan “Tiki-taka” tərzi oyun. Bu oyunla əslində Barselonanın etdiyi rəqiblərini oyundan çıxarmaq, uzaqlaşdırmaqdır. Meydançada komanda var, amma Barselona elə oynayır ki, onların varlığı çox da fərq edilmir. Əslində olan budur: Barselona elə tempdə, elə sürət və taktika ilə oynayır ki, rəqib buna cavab verə bilmir. Barselona rəqibini narahat olduğu, oynamaq istəmədiyi bu oyun tərzinə məcbur edərək onu məğlub edir. Eynilə psixoloji şiddətdə olduğu kimi.

Təbii ki, psixoloji şiddətə məruz qalan insanlar bununla mübarizə aparmalıdır. Bunun bir çox üsulları var, amma hər şeydən əvvəl haqqınızı tələb edəcəyiniz yerlər (şirkət daxilində və xaricində) ədalətli və düzgün işləməlidir. İkincisi də sizin alternativ iş tapmaq şansınız olmalıdır ki, bu iki faktorun eyni zamanda ölkəmizdə çalışan hər kəs üçün real olduğunu demək çox da asan deyil.

Psixoloji şiddətə məruz qalan şəxs ilk əvvəl bu təzyiqi göstərən şəxs(lər)lə danışmalıdır. Faydası olmadığı halda rəhbərlərinə sıra ilə bildirməlidir, şikayətinə baxılıb baxılmadığını izləməlidir. Təzyiq edən şəxs ondan əlaqəsiz şeyləri iş adı ilə tələb edirsə, onları yazılı şəkildə (e-mail və s.) tələb etməlidir ki, yeri gəldiyi zaman sübutu olsun. Bu təzyiq göstərən şəxsi də əməllərindən az da olsa çəkindirə bilər. Digər iş yoldaşlarına da məruz qaldığı təzyiqlərlə bağlı məlumat verə bilər, bəlkə də başqa qurbanlar da var. Şirkət içində bir tədbir görülmədiyi hallarda (və ya ümumiyyətlə) hüquqi dəstək alınmalı, müvafiq orqanlara bu haqda şikayət edilməldir.


Tövsiyə olunan digər yazılar:


İstifadə edilmiş mənbələr:


İstifadə edilmiş şəkil başqa mənbədən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma