SHRM-in son anket araşdırmasını təhlil etdikdən və bu haqda bloq yazısı yazdıqdan sonra xeyli düşündüm. Bu düşüncələr içində bir namizəd kimi yenə də “Molla HR Consultancy” şirkətinə üz tutdum. Bu dəfə Molladan məsləhət almaq istəyirəm ki, bir namizəd kimi sosial mediyada nələrə diqqət edim?

Mollanın çox peşəkar konsultant komandası var və mən gələnə qədər mənim bütün sosial mediya hesablarımı gözdən keçiriblər. Nəysə, uzatmadan keçim Mollanın mənə verdiyi tövsiyələrə:

Molla:

Qayda #1. CV-lərdə sosial mediya hesablarını qeyd et.

– Əgər sosial mediya hesablarının sənin haqqında mənfi fikir yaradacağını düşünrsənsə, bu, başqa məsələ. Amma bu hesabları əlavə etməsən, HR səni sosial mediyada heç araşdırmaya da bilər. Onu deyim ki, qarşılaşdığım CV-lərdə çox-çox nadir hallarda namizədin sosial mediya hesabını görürəm. CV-də sosial mediya hesabını qeyd edə bilməyin üçün də gərək bu hesabların normal vəziyyətdə olsun.

Qayda #2. Sosial mediya hesablarını səliqəyə sal.

– Sənin hesablarına baxdım, amma çox qarışıqlıq var. Əvvəla özünə doğru düzgün bir ad seç. İkincisi, hesabında normal bir şəklin olsun. Bu kimin şəklidi belə? Hansısa xarici müğənninin? Haqqında məlumatları tam doldur. Hesablarına baxan insanlar bir başa düşsün ki, sən kimsən, nə işlə məşğulsan, kimə bənzəyirsən?

Qayda #3. Tez-tez haqqındakı məlumatları yenilə.

-Bax, gör neçə ay əvvəl iş yerini dəyişmisən, amma hələ də yazmamısan yeni iş yerini. Belə olmaz axı. İş yeri, iştirak etdiyin təlimlər, aldığın sertifikatlar, yaşadığın yer, yeni telefon nömrən, yeni elektron poçtun haqqında məlumatları ehtiyac olduğu zaman yenilə.

Qayda #4. Doğru məlumatlar qeyd et.

-Burada yazmısan ki, IELTS imtahanından 7 almısan. Bizim uşaqlar araşdırıb ki, sən heç imtahanın keçirildiyi otelin yanından belə keçməmisən. Belə olar heç? Nə olur olsun, sosial mediyada öz haqqında məlumat qeyd edərkən düzünü yaz. Onsuz da əvvəl axır hər şey ortaya çıxacaq.

Qayda #5. Sosial mediya platformasına uyğun davran.

-LinkedIn-də xalanın iki yaşında qız nəvəsinin üç fərqli geyimdə şəkillərini paylaşmısan ki, “Necə gözəl qızdır bu, hansı geyim daha çox yaraşır? Qırmızı, Sarı, yoxsa Çəhrayı ?” İndi bunu paylaşmısan ki, insanlar da hisslərinə məğlub olub bəyənsinlər və sən də “Like”, “Comment” yığasan? Axı bu platforma peşəkar fəaliyyətlər üçündür. Heç olmazsa belə şeyləri Facebook-da paylaş da.

Qayda #6. Dostunu göstər, deyim kimsən.

-Sosial şəbəkələrdə hamı kiminlə dostluq etdiyinə ciddi fikir verir. Normal şeylər paylaş, bütün gün dostlarına oyun təklifləri göndərmə, tənqid adı ilə insanları təhqir etmə, bir sözlə, elə davran ki, insanlar sənin kimi sosial şəbəkə dostları olduğu üçün sıxılmasınlar. Yoxsa səni dostluqdan atarlar, ən azından “unfollow” edərlər, heç ruhun da inciməz.

Qayda #7. Sosial mediyada buraxdığın ləpirlərə diqqət et.

-Bəyəndiyin, rəy yazdığın, paylaşdığın yazılar, şəkillər, videolar sənin haqqında fikir yaradır. Bu doğrudur, ya da yanlışdır, amma bu belədir. Ona görə də nəyi bəyəndiyinə, nəyə rəy yazdığına, nə rəy yazdığına, nəyi paylaşdığına diqqət et. Bax, LinkedIn-də bir qadın şəklinə uyğunsuz rəy yazmısan. Olmaz. Facebook-da paylaşdığın son “vine”-nın içində neçə yerdə söyüş, uyğunsuz ifadələr var. Daha ötən həftə Twitter-dən paylaşdığın “caps” haqqında heç nə demirəm.

Beləcə Molla məni həm bir az utandırdı, həm də ən azından bəzi doğruları göstərdi. Molla son olaraq bunu da dedi ki, bu qaydalara hələ çox qayda da əlavə edə bilər. Amma gərək mən ilk öncə bu 7 qayda ilə bağlı öz üzərimdə işləyim.


Qeyd: İstifadə edilmiş karikaturanın orijinalı.

 

1 thoughts on “Sosial mediyanın 7 qaydası

Rəy bildirin...