Hər 35 ildən bir AC Milana bir Maldini gəlir. Çezare Maldini və oğlu Paolo Maldinidən sonra nəvə Daniel Maldini də bu günlərdən etibarən Milan klubunda oynamağa başladı.
Əslində demək istədiklərim üçün maraqlı giriş və nümunə olar deyə düşündüm. Facebook araşdırma komandasının bir araşdırması var idi – valideynlərin peşələri övladların peşə seçiminə nə qədər təsir edir?
Daha əvvəl bu bloq vasitəsi ilə apardığım kiçik bir anket sorğusunda iştirak edən həmvətənlərimizin 87%-nin (265 nəfər) indiki və ya son işləri ilə valideynlərinin işləri arasında hər hansı bir uyğunluq, bənzərlik olmadığı ortaya çıxdı (Apardığım araşdırmanın nəticələri ilə buradan tanış ola bilərsiniz). Böyük əksəriyyət valideynlərindən fərqli sahələrdə işləyir. Bu göstəriciləri ABŞ ilə müqayisə etdiyimiz zaman (sadəcə müqayisə üçün) bir çox sahədə ciddi fərqliliklərin olmadığını görürük. Facebook tərəfindən aparılan araşdırmada biz bunun şahidi oluruq ki, ABŞ-da müxtəlif sahələrdə çalışan insaların övladları da daha çox valideynlərinin çalışmadığı sahələrə yönəlirlər.
Amma məsələyə bir az fərqli də yanaşa bilərik. Ümumi nəticə bunu göstərir ki, sizin valideynlərinizdən birinin peşəsini və ya bənzər peşəni, sahəni seçmə ehtimalınız (bəzən müsbət mənada, yuxarıdakı kimi, bəzən də mənfi mənada, məcburiyyət olaraq, fiziki işlər kimi) digərləri ilə müqayisədə qat-qat çoxdur. Bunu araşdırmanın infoqrafiklərinə baxarkən daha rahat anlamaq olur.
Sosial sərmayə yanaşması (Pyer Burdyö) da bu fikirləri möhkəm zəminlə dəstəkləyir.
Bunu daha uzun tarixə, əsrlərə də yaymaq mümkündür. Misal üçün, Gibson Burrell “Pandemonium” kitabında təxminən belə bir nümunə verir ki, bir elm insanı olaraq mənim əcdadlarım əsrlər əvvələ qədər araşdırılsa, böyük ehtimalla bir zadəganın katiblik, yazı-pozu işlərini görüblər. Eyni zamanda, bu günkü bir milyonerin əcdadları da əsasən fabrik, torpaq sahibi olub. Analoji müqayisə bu gün fiziki işlərlə yaşayışını təmin etməyə çalışan bir şəxs üşün də edilə bilər (hər halda istisnalar ümumi qanunauyğunluğu pozmaz).
Eynilə Rasim Ocaqovun “Ad günü” filminin qəhrəmanı Mustafa müəllimin (Hacı İsmayılov) dediyi kimi “Babam da müəllim olub, atam da, mən də müəlliməm, ümid edirəm oğlum da müəllim olacaq”.
Uzun sözün qısası, qazandığımızı düşündüyümüz şeylərin hamısı bizə aid deyil, burada valideynlərimizin rolu danılmazdır. Söhbət Azərbaycan təcrübəsində çox yayılan uğursuz nümunələrdən getmir (nepotizm, vs. kimi, ki, bu da araşdırma nəticələrini təkzib etmir ). Söhbət valideynlərimizin sahib olduğu əlaqələr, imkanlar sayəsində bu günlərə gələ bildiyimizdən gedir.
Eyni zamanda, təhsilə, uyğun peşəyə və müsbət çevrəyə bu səbəblərdən dolayı çıxışı məhdud olmuş insanlara da diqqətlə yanaşmalı, onlara müəyyən şeyləri bilmədikləri, bilmədiklərini də bilmədikləri və bundan dolayı bəzən arzuolunmaz davranışlar və nəticələr göstərdikləri üçün qərəzli mövqe tutmamalıyıq.
Dediklərim hamıdan əvvəl özümə aiddir (daha bir şey ola bilməsəm də). Nə təkəbbürlü olmalı, insanları incitməliyik, nə də özümüzü bu məsələlərdən dolayı əzdirməliyik. Təbii ki, inkişaf etməkdən və digərlərinin inkişafına dəstək olmaqdan da geri qalmamalıyıq.
Tövsiyə olunan yazılar:
- Türkiyənin 500 Ən Böyük Sənaye Quruluşunun İnsan Resursları (HR) və Karyera/İşə Müraciət Linkləri
- Ekzüperi və “Balaca Şahzadə”: 12 maraqlı, çox bilinməyən fakt, qısa məzmun, seçilmiş cümlələr
- Qərarlarımızı formalaşdıran gizli qüvvə nədir?
- İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam
- Öz işini qurmaq istəyənlərə 118 film və 15 TED.com çıxışı
- Türkiyədə ödənişsiz, təqaüdlə təhsil imkanı – 2018: Türkiye Bursları
- İş həyatında “mobbing” və Barselonanın “Tiki-taka”sı
- İnsan kəlləsi – bir ingilis malikanəsindəki antik əşya
- Sən “döyərsən”, yoxsa CV-in ?