Çox vaxt günlük mətbuatdan (TV, radio, qəzet, sosial mediya) uzaq qalmağa çalışsam da, bunu hər zaman bacarmıram. Günlük mətbuat, siyasət, sosial mediyanın dili şəxsən mənə olduqca pis təsir edir. Bəzən eşitdiyim və ya oxuduğum bir xəbər (ki, çox vaxt əhəmiyyətsiz bir şey olur) bütün gün beynimi, düşüncələrimi məşğul edir, məni əks düşüncədə olan insalara qarşı düşmən olmağa vadar edir. Bu dil və üslub cəmiyyəti də bölür, parçalayır. Eyni zamanda günlük mətbuat bizim düşünmə şəklimizi, həyata baxışımızı da müəyyən etməyə çalışır. Burada da istifadə olunan dil və üslubun əhəmiyyəti bir daha anlaşılır. Çünki biz bütün olanları, hadisə və əşyaları bir dil vasitəsi ilə anlayırıq. Eynilə Lüdviq Vitqenşteynin dediyi kimi – “Mənim dünyamın sərhədləri mənim dilimin sərhədləridir”. Günlük mətbuat, siyasət və sosial mediya bizə dünyanı, çevrəmizdə olanları, əks düşüncədə olan insanları anlamağımız üçün çox sərhədli və əsasən bizi bir-birimizə yadladşdıran, düşmən edən, “silahlarla” dolu bir dil təqdim edir. Çevrəmiz də bu dili ciddi bir şəkildə mənimsəyibsə, o zaman biz də bu dili istifadə etməyə, ən azından bu dil vasitəsi ilə bir-birimizlə əlaqə qurmağa məcbur qalırıq. Dil və günlük mətbuatın dili haqqında bu qədər kifayətdir. Çünki bu yazıda əsas mövzu dil də deyil.

Sizcə azad, tərəfsiz və qərəzsiz mətbuat varmı? Belə bir şeyin mövcud olması nə dərəcədə mümkündür?

Burada əhəmiyyətli olan bəlkə də cavab deyil, elə bu sual haqqında düşünməkdir. Amma yenə də gəlin sualın cavabını bu işin əhlindən dinləyək. Con Svinton (eng: John Swinton) yaşadığı zamanın tanınmış jurnalistlərindən biri olub. Onu Karl Marksla 1880-ci ildəki müsahibəsi ilə də xatırlaya bilərsiniz (“The Sun” qəzeti üçün). O, eyni zamanda The New York Times qəzetində də vəzifədə olub. Günlərin bir günü Svinton jurnalistlərin təşkil etdiyi bir tədbirə dəvət olunur və orada “azad mətbuat” sağlığına qədəhlərini qaldıran jurnalistlərə əsəbləşir və çox məşhur bir çıxış edir. Çıxış bu şəkildədir:

“Azad mətbuat? Elə bir şey yoxdur! Bunu siz də bilirsiniz, mən də.

İçinizdə elə bir jurnalist varmı ki, ürəkdən inandığı, düşündüyü şeyləri yazsın? Yoxdur. Yazsanız belə, bunun qəzetiniz tərəfindən nəşr edilməyəcəyini bilirsiniz.

Con Svinton (1829-1901)

İşlədiyim qəzet məhz düşündüklərimi yazmamağım üçün hər həftə mənə pul ödəyir, maaş verir. Sizə də məhz bu səbəblə qəzetləriniz maaş verir. Əgər içinizdən bir nəfər inandıqlarını və düşündüklərini yazarsa, dərhal işdən qovular. Eyni şəkildə mən də bircə dəfə öz düşündüklərimi və inandıqlarımı yazsam, eyni gündə işdən qovularam.

Jurnalistin işi, vəzifəsi həqiqətləri yox etmək; xəbərləri təhrif etmək; yalan danışmaq; böhtan atmaq; pul dediyimiz büt qarşısında diz çöküb ona itaət etmək, ona qul olmaq; günlük çörək pulunu qazana bilmək üçün ölkəsini və irqini satmaqdır. Bunu siz də bilirsiniz, mən də. İndi düşünün ki, “azad mətbuat” üçün burada qədəh qaldırmaq və sağlıq demək necə bir sarsaqlıqdır?!

Biz səhnənin arxasında gizlənən böyük adamların, varlıların qulu, köləsiyik. Biz sadəcə bir kukla, bir oyuncağıq, onlar nə zaman iplərimizi oynatsa, biz də hərəkət edir, onların istədiklərini edirik. Bizim bütün həyatımız, bacarıqlarımız və qabiliyyətlərimiz əslində başqalarının mülkiyyətindədir.

BİZ İNTELLEKTUAL FAHİŞƏLƏRİK!”

Malcolm X yəqin boş yerə deməmişdi ki, istər güllə atsın, istərsə də seçkilərdə səs versin, insan düzgün nişan almalıdı, kuklanı deyil, onu hərəkət etdirəni, onu istifadə edəni vurmalıdır.

İndi belə bir sual verilə bilər ki, jurnalistlərin, mətbuat orqanlarının hamısı belədir?

İnanın ki, mən də bilmirəm. Əgər bilən varsa, bizə də desin, biz də daha azad, tərəfsiz və qərəzsiz xəbərlər ala biləcəyimiz bir mənbə tapmış olarıq.

Əslində bu mövzu sadəcə jurnalistlərə aid edilməyə də bilər. Doğrudur, onlar bunun qarşılığında pul aldıqları üçün daha fərqlidir vəziyyətləri. Amma bu bizə də aiddir. Hamımız əslində fasiləsiz olaraq sosial mediya vasitəsiylə məlumat yayırıq. Bəlkə bizim də mənfəətimiz var? Maddi və ya maddi olmayan. Görəsən nə dərəcədə ədalətli, düzgün, vicdanlı və qərəzsiz davranırıq, yazırıq, danışırıq? Əgər tərəfliyiksə, bunu əqidəmizə sadiq olduğumuz, inandığımız üçünmü edirik, yoxsa bir mənfəət üçün inandıqlarımızı deməkdən və ya yazmaqdan çəkinirik? Bəlkə Qaliley effektindən, çevrəmiz tərəfindən tərk edilməkdən, yalnız qalmaqdan qorxuruq?

Görəsən mən də bu ziddiyyətin içinə düşürəmmi? Düşünmək lazımdı bəlkə də.


Tövsiyə olunan yazılar:


Qeyd: Con Svintonun bu məşhur “Biz intellektual fahişələrik” çıxışının əslini bu linkdən oxuya, buradan isə səsləndirilməsini dinləyə bilərsiniz.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma