…ziddiyyətli yazı…
Fevralın ortaları Kocelidə (Darıca) iki günlük bir düşərgədə iştirak etdim. Düşərgədə çox sayda seminar, təlim və müzakirə oldu. Buraya Türkiyənin ən müxtəlif universitetlərində təhsil alan beynəlxalq müsəlman tələbələr toplanmışdı. Azərbaycan, Əfqanıstan, İran, İraq, Suriya, Yəmən, Malavi, Sudan, Mali, Çad, Albaniya, Tailand, Filippin, Orta Asiya ölkələri, Qana, Burkina Faso, Keniya, Somali, Banqladeş, Pakistan tələbələri iştirak edən ölkələrdən bəziləri idi. Uzun sözün qısası, niyə bu halda olduğumuzu, terroru, içində olduğumuz böhranı, özümüzə görə bundan çıxış yollarını müzakirə, özümüzü bir xeyli tənqid etdik. Edvard Səidin dili ilə desək, bu “digərləri”nin (yəni, şərqlilərin, daha konkret desək müsəlmanların) halı ilə dərdlənməyə, bu haqda bir-birimizlə dərdləşməyə çalışdıq.
İmkan tapdıqca müxtəlif ölkələrdəki vəziyyətlə o ölkələrin tələbələrinin dili ilə tanış olmağa, məlumat almağa, biliklərimi artırmağa çalışdım. Anladığım bu oldu ki, bu ölkələrin bir çoxu ciddi problemlərlə boğuşur (hamımızın bildiyi, xəbərlərdən gördüyü kimi). Bir də bunu anladım ki, eyni ölkədən olan tələbələr belə ölkələrindəki vəziyyət və “digərləri”, demokratiya, azadlıq(lar), din, modernləşmək haqqında çox fərqli düşünür. Yəni, demək olar ki, bu ölkələrin çoxunda az ya da çox cəbhələşmə, ayırışma var. Bu haqda bu qədər. İndi əsas mövzuya keçək…
Seminar verənlərdən biri də tanınmış ailə, düşüncə koçu Münir Arıkan idi. (Ailəli olanlar və ya ailə qurmaq haqqında düşünənlər üçün Aile Zekası adlı gözəl bir kitabı da var, biz çox bəyənmişdik, kitabı Aytən bir il əvvəl onun bir seminarında qazanmışdı, o da sağ olsun, dəyərli imzası ilə bərabər evimizə göndərmişdi.)
Münir Arıkan seminarlarının birində dinləyicilərdən (bizdən) soruşdu ki, bəs kim “Kimyagər“(Paulo Koelyo) əsərini oxuyub? Kamalla mən sevinə-sevinə əlimizi qaldırdıq ki, bəs biz oxumuşuq (ikimiz yanaşı oturmuşduq). Kişi çox sevindi. Üzünü bizə tutub dedi ki, nə gözəl! Bəyəndiniz hə, gözəl kitabdı, auditoriyaya da tövsiyə edirsinizmi oxusunlar? İkimiz də eyni vatxda başımızı yellədik ki, “yox”, bəyənmədik, məsləhət deyil. Kişi çox məyus oldu, belə gözləmirdi. Vəziyyəti ələ aldı, ikimizi göstərib dedi ki, bu uşaqları atın bayıra, o kitabı anlamayıblar (zarafatla dedi). 😀 😀 😀 Bizə əməlli başlı güldülər. 😀 😀 😀 Zarafat bir yana, doğrudan da anlamamış ola bilərəm, o kitabı sevənlər pis qəbul etməsin. Münir Arıkan “Ailə Zəkası” kitabının 8-ci bölümünün girişində Götedən bir sitat gətirib: “Anlaya bilmədiyimiz şeylər bizim ola bilməz.” “Kimyagər” də yəqin ki, mənim olmadı, bəlkə gələcəkdə bir dəfə də oxuyaram.
Allahdan daha sonra bir dəfə də bir film adı soruşdu (“October Sky”). Əl qaldırdım. Eyni sualı verdi. Dedim ki, hə, əla filmdi, tövsiyə edərdim (Günahımı yudum yəni 😉 ).
Bilmirəm niyə? Amma populyar ədəbiyyat, film, rəsm əsərləri və musiqiyə qarşı ciddi problemim var (buna bəlkə kompleks də demək olar). Bəlkə də qərəzli yanaşıram, ya da hədsiz çox şey gözləyirəm və sonra gözlədiyim olmadığı üçün məyus oluram, ya da heç nə anlamıram. Səbəbini dəqiq bilmirəm. Bu əsərlərlə cəmiyyətin, sosial mediyanın, inetllektual yarışların (“Xəmsə”, “Brain Ring”, “Nə? Harada? Nə zaman?”), çevrəmin, dostlarımın təzyiq və tövsiyəsi ilə tanış olduqdan sonra demək olar ki, hər zaman məyus olmuşam (filmlərdə bu hal nisbətən daha az olub). İtirdiyim vaxta görə təəssüf hissi keçirmişəm. Aşağıdakı şəkildə son 50 ildə ən çox oxunan kitabların siyahısı verilib. Məncə nə demək istədiyim daha yaxşı anlaşılacaq.
Gülməlisi budur ki, bu 10 kitabın ikisini oxumuşam + birini oxumaq üçün yükləmişəm + dördünün də loru dildə desək, film versiyasına baxmışam. Misal üçün, “Üzüklərin hökmdarı”, “Xaç Atası”, “Harri Poter”, “Alatoran”, “Da Vinçi Şifrəsi” filmlərinə baxdıqadan sonra necə peşman olduğum heç yadımdan çıxmır. “Kimyagər” də bu qəbildəndi (80-dən çox dilə tərcümə edilib, o qədər məşhurdu yəni, bizdə də sevəni çoxdu, bilirəm). Oxudum, amma tutmadı. 😀 (Koelyonun “Rio-Pyedranın sahilində oturdum və ağladım” əsərini bəyənərək oxumuşdum, Koelyo düşmanlığım yoxdu yəni 😉 ) Amma bu cür təcrübələrdən bir şey öyrəndim ki, oxuyacağım və ya baxacağım şeyləri özüm seçim, ya da çox etibar etdiyim, kim olduğunu az çox bildiyim insanlardan (fikir, düşüncə olaraq) tövsiyə alım.
Ədəbiyyatçı deyiləm (amma anam ədəbiyyatçıdı 😉 ). Sadəcə həvəskar oxuduqlarımdan bunu anlayıram ki, “junk fiction” (tullantı ədəbiyyat və ya tullantı hekayə*) deyilən bir şey var. Bu mövzular ətrafında Coşinin Junk Fiction: America’s Obsession with Bestsellers (Tullantı ədəbiyyat: Amerikanın çox satılan kitab vəsvəsəsi*, Coşinin siyahısında Stiven Kinq, Den Braun, Nora Roberts, Ceyms Patterson kimi yazıçılar var), Tomas Robertsin An Aesthetics of Junk Fiction (Tullantı ədəbiyyatın estetikası*) deyə kitablar da var imiş, mən də yeni tanış oldum (Tomas Robertsin bir də When is Something Fiction? (Bir şey nə vaxt ədəbi əsər olur?*) adlı kitabı var imiş, sonra oxuyarıq). Nə isə. Tomas Robertsin deməyindən belə çıxır ki, son 50-60 ildə düz əməlli bir şey yazılmayıb, elə hamısı “junk fiction” sayılır. Ancaq klassik əsərlər əsərdir və sair. Əslində buna bənzər şeyləri The Anxiety of Influence (Təsirə düşmə qorxusu*) və The Western Canon (Qərb klassikləri*) kitablarında məşhur ədəbi tənqidçi Harold Blum da deyir. Təbii ki, bununla razılaşmayan və bunu tənqid edənlər də çoxdur. Onlara görə yaşadığımız dövrü hamının anlayacağı dildə məhz bu “junk fiction” deyilən əsərlər izah edir, klassik əsərlər deyil. Bu da var.
Bir də çox bəyəndiyim tanınmış müqayisəli ədəbiyyat professoru Edvard Səid (ABŞ, Kanada və Avropanın bir çox aparıcı universitetləri də daxil olmaqla dünyada 200-dən artıq universitetdə dərs vemiş bir insan) isə deyir ki, mən tələbələrimə “junk fiction” keçmirəm. Doğrudan da kitablarında demək olar ki, populyar, trend kitablardan danışmır, mühazirələrində də (bu söhbətin də yer aldığı son müsahibəsinə buradan baxa bilərsiniz, 2003-də dünyasını dəyişib).
Ümumiləşdirmə etmirəm, düzgün də deyil. Yəni, populyar olduğu üçün bir şey mütləq yaxşı olmalı deyil (misal üçün, Üzeyir Mehdizadənin mahnıları) və ya tam əksinə, bir şey populyardırsa, mütləq pisdir demək də doğru deyil (Koelyo, lap elə Çingiz Abdullayev, Aqata Kristi, Artur Konan Doylun romanları kimi). Fikrim bunu demək deyil.
Son olaraq, hamının oxuduqlarını oxumağa, hamının baxdıqlarına baxmağa məcbur deyilik. “Bu kitabı oxumasam, mənə nə deyərlər? Bu filmə baxmasam dostlarımla nə danışaram? Yarışlarda iştirak etmək üçün bu kitabları oxumamaq olar?!” kimi sulallarla özümüzü incitməyək (səmimi deyirəm ki, mən etmişəm və nə qədər mənasız, nə qədər ruhsuz bir şey olduğunu da görmüşəm). Buna görə özümüzü günahkar da hiss etməyək. Hər birimizin maraq dairəsi, zövqü fərqli ola bilər. Nə çox kitab, nə çox film.
Sonuna qədər oxuyanlar hamısını unuda bilər (“shift-delete”). Onsuz da düz olanı tapmaq üçün çoxlu səhv etməli deyilik? Ya da çox kitab oxuyan və ya çox film izləyən mütləq “ən yaxşı”, “çox məşhur” və “çox varlı” (şəkildəki ən çox satılan 9-cu kitaba baxın) olacaq deyə bir qayda da yoxdur. Dünyanın ən çox kitab oxuyan insanını tanıyırsınız? Heç mən də tanımıram. Amma bir yerdən oxumuşdum ki, 36 min kitab oxuyub flan. Baxın, heç adını da bilmirik. 😉
Tövsiyə olunan yazılar:
- “Biz” kimik vә “hara”da yaşayırıq? (Mötәrizәli yazı)
- Bir romandan maksimum necə faydalanmaq olar?
- “Bu Çamuru Beraber Çiğnedik” kitabı haqqında 10 maraqlı məlumat
- Stefan Sveyq ilə “Şahmat” oynamaq üçün 8 səbəb
- Ekzüperi və “Balaca Şahzadə”: 12 maraqlı, çox bilinməyən fakt, qısa məzmun, seçilmiş cümlələr
Qeydlər:
(*) – Mənim tərcüməmdir, doğru olmaya bilər.
İstifadə edilmiş qapaq şəkli fərqli mənbədən alınıb