Əvvəllər də vurğuladığım kimi daima oxumaq, öyrənmək, araşdırmaq, yaxşı bir şagird olmaq ən sevdiyim işlərdəndir. Bunun üçün də daima “bir kitabdan, bir roman və ya povestdən, bir yazıçıdan, fikir adamından maksimum necə faydalanmaq olar” sualının cavabını da özüm üçün axtarıram. Bu mənada zamanla özüm üçün bəlli metod və üsullar təkmilləşdirməyə çalışıram. Düşünürəm ki, paxıl olmamaq və özüm üçün faydalı olduğunu düşündüyüm şeyləri dostlarımla da paylaşmaq lazımdır. 😉 Beləliklə, mənə görə bir romandan maksimum bilik, dünya görüşü və fayda götürmək üçün nə etmək lazımdır?
- İlk əvvəl, əsərin yazıldığı dövrü, ölkəni, siyasi-iqdisadi vəziyyəti zəhmət çəkib bir balaca araşdırmağın çox faydalı olduğunu gördüm. Əsərlər yazıçının yaşadığı dövrdən ciddi mənada təsirlənmiş ola bilər (çox vaxt belə də olur). O dövrü və yazıçının bu sistemdəki mövqeyini anlamadan onun yazdıqlarını tam şəkildə anlamağın çətin olduğunu öyrəndim.
- Yazıçının həyatını, düşüncə tərzini, müdafiə etdiyi və ya lideri olduğu cərəyanı tanımaq, təhsil aldığı yerləri, görüşdüyü insanları, kimlərlə dostluq etdiyini, kimlərdən təsirləndiyini, kimlərdən nifrət etdiyini öyrənmək də çox faydalı olur. Roman və ya kitabı başqa bir ləzzətlə oxumaq mümkün olur bu zaman.
- Romanda adı keçən və bizim məlumatımız olmayan terminləri, şəxsiyyətləri, tarixi və coğrafi yer adlarını araşdırmaq da romanın bizə çatdırmaq istədiyi böyük rəsmi daha aydın bir şəkildə görməyimizə yardımçı olur.
- Kitabı oxuduqdan sonra bu kitab haqqında və ya onunla bağlı bir neçə elmi məqalə, diplom işi, bloq yazısı, hətta kitab oxumaq, sənədli film, bədii film (varsa) izləmək hədsiz dərəcədə zəngin məlumat əldə etməyimizə səbəb olacaq. Razıyam ki, bu çox zaman alan və çətin bir işdir. Amma sadəcə say artırmaq və oxumuş olmaq üçün oxumuruqsa, bunlar əvəzsizdir.
- Bu kitabla bağlı elmi araşdırma etmiş, məqalə və ya diplom işi yazmış insanlara söhbət etmək, yaxud onları dinləmək (internet vasitəsi ilə) də çox faydalı olur.
- Son olaraq da bu kitabı oxumuş olan, bizimlə eyni düşüncədə olan və olmayan insanlarla müzakirə edərək fikirlərimizə və düşüncələrimizə rəng qata, fərqli düşüncələrlə tanış ola bilərik. Sadəcə normal bir müzakirə mühitində keçən kitab müzakirəsindən o qədər çox və daha əvvəl fərq etmədiyimiz şeylər öyrənəcəyik ki, insanın inanmağı belə gəlmir.
Əziz dostlar, heç şübhəsiz ki, sizin də bu mövzuda çox dəyərli fikirləriniz vardır. Sizdən xahişim budur ki, əksik qaldığımı düşündüyünüz yerlərdə əlavələr edərək və ya daha maraqlı ideyalar irəli sürərək mövzunu zənginləşdirəsiniz. Burada qeyd edəcəyiniz fikirləri adınızı yazaraq yazıya əlavə etməkdən çox məmnun olaram. Dəyərli düşüncələrinizi gözləyirəm. Fikirlərinizi rəy olaraq buraya və ya tehran.abdurrahimov@gmail.com ünvanına yaza bilərsiniz.
Tövsiyə olunan yazılar:
- “Bu Çamuru Beraber Çiğnedik” kitabı haqqında 10 maraqlı məlumat
- Stefan Sveyq ilə “Şahmat” oynamaq üçün 8 səbəb
- Ekzüperi və “Balaca Şahzadə”: 12 maraqlı, çox bilinməyən fakt, qısa məzmun, seçilmiş cümlələr
- John C. Maxwell “İnkar edilməz 21 Liderlik Qanunu” (kitab xülasəsi, ilk 10 qanun)
- “Business School”da öyrəndiyim 101 şey (kitab haqqında)
- John C. Maxwell “İnkar edilməz 21 Liderlik Qanunu” (kitab xülasəsi, II hissə, 11 qanun)
İstifadə edilmiş şəkil başqa mənbədən alınıb.