
Yeni yazıda son zamanlar oxuduğum və bu qədər bəyənəcəyimi heç düşünmədiyim bir kitab haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Kitab özü də yenidir, 2015-ci ildə nəşr olunub. Kitab Bu Çamuru Beraber Çiğnedik adlanır və bir gecəqondu (“gecekondu”) məhəlləsindən bəhs edir. Əslində sadəcə bundanmı? Kitabı oxuduqca anlayırıq ki, əslində kitab çox daha dərin, geniş, detallı bir mövzudadır və siyasət, sosilogiya, iqdisadiyyat, təhsil, qadın həyatı və əməyi kimi bir çox fərqli sahəni özündə birləşdirir. Bu əsəri yaza bilmək üçün Şentürk 2011-ci ildə öz ailəsi ilə bərabər nə az, nə çox, düz 6 ay Ankarada bir gecəqondu məhəlləsində yaşamışdır (Mamak, Ege Mahallesi). Keçək maraqlı dediyimiz məlumatlara.
- Burcu Şentürk Boğaziçi (Siyasət və Beynəlxalq Münasibətlər, Bakalavr), ODTÜ (Sosiologiya, Magistratura) və İngiltərədə York Universitetində (Siyasət, Doktorantura) təhsil alıb, hal-hazırda mənim də magistr təhsili aldığım Ege Universitetində elmi fəaliyyətini davam etdirir. Müəllifin İki Tarafta Evlat Acısı adlı daha bir kitabı var.
- Kitab əslində Şentürkün ciddi bir akademik araşdırmasının məhsuludur, amma bunu kitabı oxuyarkən hiss etmirik. Kitab tam bir roman havasındadır. Çox axıcı və insanı hadisələrin içinə çəkən növdəndir.
- Əsər bir gecəqondu məhəlləsindən bəhs etsə də, eyni zamanda o dövrün siyasi hadisələri, həyata keçirilən iqdisadi siyasət, insanların kənddən şəhərə köçməsi, bunun səbəbləri, sol və sağ toqquşması, sünni-ələvi münasibətləri, bunların insanların, qonşu və qohumların gündəlik həyatına təsirindən də geniş bir şəkildə söhbət açılır.
- Müəllif kitabı demək olar ki, bir məhəllədə “üstü açıq bir müzakirə paneli” şəklində ərsəyə gətirib. Yəni, məhəllədəki insanları, onların həyat hekyalərini birbaşa insanların özündən dinləyə bilirik. Şentürk kitabın bəzi qismlərindən sadəcə “moderator” olaraq gözümüzə sataşır. İnsanlara öz hisslərini və həyat hekayələrini birbaşa bizə danışmağa imkan yaradır. Bu kitabın ən mükəmməl yanlarından biridir.
- Türkiyədəki siyasi hadisələri, sol-sağ toqquşmalarını, müasir dövrdə AK Parti, CHP, MHP, HDP kimi partiyaların tutduqları yolu və onları dəstəkləyən insanların kimliyi ilə bağlı bir az fərqli müstəvidə məlumat ala bilmək üçün bu kitab çox dəyərli bir mənbədir.
- Kitabda şəhərdə yaşamağa (buna yaşamaq demək olarsa) məcbur olan bir türk kəndlisinin hansı hissləri keçirdiyinin, heç bir şəkildə tamamilə şəhərli ola bilmədiyinin, amma kəndə də qayıda bilmədiyinin, bu arada həyatda qala bilmək üçün mübarizə aparmasının hekayəsini oxuya bilərik.
- 1980-ci illərdə sol hərəkatının hansı üsul və metodlardan istifadə etdiyi, bir alevi məhəlləsi olan Ege məhəlləsində necə yerləşdiyi haqqında da yazılır. Məhəllə insanının bu mübarizəni necə sahibləndiyi və bu hərəkat nümayəndələrinə evlərini açdıalarından bəhs olunur.
- Eyni zamanda biz burada texnologiyanın az da olsa inkişafının insanların kənddən şəhərə köçməsindəki rolu haqqqında da oxuya bilərik. Misal üçün, Türkiyədə kənd ərazilərinə telefon xəttlərinin çəkilməsindən sonrakı axımın artması kimi. Çünki insalar bir-biri ilə daha rahat əlaqə saxlaya bildikcə köçməyin yolları və şərtləri haqqında da daha sürətlə məlumatlar əldə edə bildilər.
- Qadınların bu şəhərləşmə prosesində ən çox əziyyət çəkən insanlar olduğu elə acı hadisələrlə verilir ki, insan sadəcə dəhşətə gəlir və çox acıyır.
- Gecəqondu məhəlləsi çox qəribə bir məfhumdur, bura əslində var, amma rəsmi olaraq yoxdur (bir az da Ay Lav Yu filmindəki Tinne kəndi kimi, o məntiqdə). Ona görə də dövlətin bu yerlərə xidmət göstərməsi də çox çətin olur. Ancaq seçim vaxtları bu insanlar yada düşür, onlara vədlər verilərək səs istənilir.
Kitabdan çox təsirləndiyim bir neçə cümlə və fikri də sizinlə paylaşmaq istərdim:
- “ODTÜ neçə lirəyədir?” (Bunu bir gecəqondu sakini Şentürkdən soruşur. Bu əslində təhsilin bu məhəlləyə heç baş çəkmədiyinin əyani sübutudur.)
- “Onlar dağıtdı, biz tikdik. Bu məhəllə bu şəkildə yarandı.”
- “Şəhərlilər bizi danışığımızdan tanıyırlar…”
- “Bizim evimiz dağıdılanda onlar sevinmədi, onlarınkı dağılanda da biz. Bir yas varsa, onlar da, biz də oraya qaçdıq.”
Burcu Şentürkün bu kitabı artıq İngiltərədə ingiliscə də nəşr edildi. Bundan əlavə kitabla bağlı Hürriyet qəzetinə verdiyi müsahibəni buradan oxuya, bir radioya ingiliscə verdiyi müsahibəni isə bu linkdən dinləyə bilərsiniz.
Tövsiyə olunan yazılar:
- Stefan Sveyq ilə “Şahmat” oynamaq üçün 8 səbəb
- Ekzüperi və “Balaca Şahzadə”: 12 maraqlı, çox bilinməyən fakt, qısa məzmun, seçilmiş cümlələr
- John C. Maxwell “İnkar edilməz 21 Liderlik Qanunu” (kitab xülasəsi, ilk 10 qanun)
- “Business School”da öyrəndiyim 101 şey (kitab haqqında)
- John C. Maxwell “İnkar edilməz 21 Liderlik Qanunu” (kitab xülasəsi, II hissə, 11 qanun)
İstifadə edilmiş şəkillər başqa mənbələrdən alınıb.