Deməli yağışlı bir gündə bir şirkətə işə qəbul olmaq üçün müsahibəyə yollandım. Flora Kərimovanın “Gün keçdi” filmindən məşhur mahnısında dediyi kimi taksidən düşüb, bilmədim haraya, hayana gedim?  Yəni elə bir yağış yağırdı. Nə isə. Məni imtahandan keçirtdilər, nəticəm yaxşı olduğu üçün əlahəzrət HR-la görüşmək şərəfinə nail oldum. Uzun müddət gözlədikdən sonra sehrli qapılar açıldı və mən otağa dəvət olundum. Uzun sözün qısası, müsahibə başladı, nə başladı.

Müsahibənin başında HR və mən eyni anda anladıq ki, bizim şirkətdən kənarda ortaq bir tanışımız var – Əli bəy. Mən də hər bir namizəd kimi buna sevinməyim nə edim?! Özünüz düşünün də vəziyyəti. Başladım ki, bəs Əli bəylə belə yaxınıq, lap qardaş kimiyik, bir qabdan yemək yeyib, o birindən də su içirik (doğrudan da haqqında söhbət gedən Əli bəylə olduqca səmimi və sıx bir dostluğum var). Mən saf, mən yazıq, bədən dilindən, Deyl Karnegidən flan xəbərsiz. Bir də onda ayıldım ki, bu HR-ın üzü yaman qaralıb, mənə yaman əsəbi-əsəbi baxır, əhval-ruhiyyəsi sıfır, sifəti zəhər-zənbərək. Dedim ay kişi, görəsən mən nə etdim axı?

Müsahibənin bundan sonrakı qismi tam bir fəlakət idi, neqativ suallar, verdiyim cavablara ya qulp, ya da quyruq qoyuldu. Uzun sözün qısası, o işə də alınası olmadım.

Müsahibədən sonra çox düşündüm, çox daşındım, axırda ürəyimi deşən, mənə gecələr rahat yatmağa imkan verməyən bu hadisəni Əli bəyə danışdım. Dostum dedi ki, ay kişi, sən neynəmisən? O insanın məndən zəhləsi gedir. İş dünyasında bir iki dəfə yollarımız neqativ şəkildə kəsişib və bir-birimizi xoş olmayan hadisələrlə xatırlayırıq.

Axır ki, mənə hər şey aydın olmuşdu. Deməli o müsahibənin Əli bəyin mənim yaxın dostum olduğu bilinəndən sonra o qədər pis keçməsinin səbəbi bu imiş. Mən horn effektinin qurbanı olmuşdum.

Nədir horn effekti?

Eynilə mənim başıma gələn əhvalat kimi, bir insan sizi peşəkarlığınız, qabiliyyət və bacarıqlarınızla deyil, sizinlə bağlı hansısa mənfi bir hadisənin təsiri ilə qiymətləndirir. Daha doğrusu obyektiv qiymətləndirə bilmir, çünki o anda sizə qarşı içində bir qərəz var, o neqativ hadisə (sizin davranışınız, dini, siyasi baxışınız, fanatı olduğunuz klub, görünüşünüz vs.) sizin obyektiv qiymətləndirilməyinizə mane olur.

Bəzən də bunun əksi olur. Misal üçün, bir nəfəri işə qəbul üçün qiymətləndiririk. Düşünürük ki, bu adam Avropda oxuyub, eyni rayondanıq, geyimi və görünüşü də çox gözəldir, deməli çox peşəkar bir mütəxəssis olacaq. Bu düşüncələrlə də o insanı peşəkar olaraq deyil, onunla əlaqəli olan bəzi müsbət faktorların kölgəsində qiymətləndirmiş oluruq. Bu da olur halo effekti.

Halo və horn effektləri bir-birinin prinsipcə əksi olsa da, hər ikisi də qərarverməyə mənfi təsir edir, bizi obyektivlikdən uzaqlaşdırır.

Bu anlayışlar ilk dəfə Edvard Torndayk Li tərəfindən elmə gətirilib. Halo və horn effekti sadəcə işə qəbulda deyil, eyni zamanda işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, təlimçi seçimi, tərəfdaş seçimi və digər funksiyalarla bağlı verilən qərarlarda da öz təsirini göstərə bilər (iş mühitində).

Bundan sonra müsahibəyə gedənlər referans şəxs və ya “dayı” adı çəkərkən daha diqqətli olar. Yoxsa mənim kimi “halo” düşünərək dediyiniz şeylər sizə “horn” olaraq qayıda bilər.


Tövsiyə olunan yazılar:


İstifadə edilmiş şəkil fərqli mənbədən alınıb

2 thoughts on ““Halo” olar dedim, “Horn” oldu

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma