Dəyərli oxuyucular, bu dəfə sizinlə daha bir maraqlı və öz sahəsində uğurlu insanla müsahibəni təqdim etmək istəyirik (Digər müsahibələri buradan oxuya bilərsiniz). Sözü çox uzatmadan İsmayıl Vəliyevlə müsahibənin tam mətnini sizinlə bölüşürük. Buyurun.

– İlk olaraq İsmayıl Vəliyev kimdir?
– İlk olaraq İngilis dili müəllimi və tərcüməçi kimi işləmişəm. İş həyatına tələbə olarkən başlamışam. Daha sonra bir neçə şirkətdə insan resursları sahəsində işlədim. Əsas fəaliyyətim isə təlimlər, kouçinq sferasında olub. Pik performans, liderlik, məhsuldarlıq mövzularında araşdırmalar daha çox diqqət mərkəzimdə olub hər zaman. Hazırda isə kouçinq və təlim sahələrində fəaliyyətimi davam etdirməklə yanaşı İnsan Davranışının Dizayn Edilməsi, Davranış Strategiyası sahələrində araşdırmalar edirəm. Bu sahələrdə iki kouçinq proqramını bitirib beynəlxalq dərəcəli sertifikatlaşdırma mərhələsini də uğurla keçmişəm. İnsan Davranışının Dizayn Olunması sahəsində Stanford Universitetində hazırlanan bir proqramı bitirmişəm. Bundan əlavə dünyanın bir nömrəli Həyat və Biznez Strategiyası mütəxəssisi olan Tony Robbins-in Strateji Müdaxilə proqramının məzunuyam.
Araşdırmalarım da əsasən Harvard, MIT və Stanford Universitetləri ilə əlaqəlidir hal-hazırda. Araşdırmalarımla paralel olaraq Harvard və MIT-də fərqli proqramlarda iştirak edirəm. Əsas sahələr isə Davranış Strategiyaları, İnnovasya, Düşüncə Dizaynı (Design Thinking), Davranış İqtisadiyyatı və Sahibkarlıqdır (Entrepreneurship).
Hal-hazırda paralele olaraq Harvard Universitetində menecement sahəsində magistr təhsili alıram.
– Təhsiliniz haqqında bir neçə cümlə, zəhmət olmazsa.

– Xəzər Universitetinin məzunuyam, həmçinin İstanbulda Boğaziçi Universitetində də təhsil almışam. Bu yaxınlarda ən yaxşı 10 Biznes Məktəbindən biri olan UC Berkeley HAAS School of Business-də Strateji Marka İdarə Edilməsi və Marketinq sahəsində bir proqramı bitirdim. Hazırda isə Harvard Universitetindəyəm.
– Boğaziçi ilə bağlı ən maraqlı, bir az da gülməli xatirəniz nə olub?
– Bir dəfə bir it biləyimdən dişləməşdi. Hansı ki, orada elə bir hadisə olmurdu, nə eşitməmişəm, nə də şahidi olmuşam. Baxmayaraq ki, itlər çox idi, onlar ev heyvanı kimi idilər. Amma nəyə görəsə mən yaşadım bunu, həm də iti oxşayarkən.
Ümumən də bunu deyim ki, dərslər çox çətin idi. Bir gün belə oxumaq üçün verilmiş bütün mətnləri, bütün tapşırıq və yazıları tam olaraq bitirə bildiyimi xatırlamıram. Həqiqətən çətin idi.
– Rumıniyada iştirak etdiyiniz təlim necə oldu?
– Çox maraqlı olmuşdu. Düzdür tam mənim sahəmlə əlaqəli deyildi, amma təlimlər zamanı qazanmış olduğum natiqlik təcrübəsi daima öndə olmağıma, hədiyyələri qazanmağıma çox kömək edirdi. Ən çox bəyəndiyim isə təlim deyil, şəhər özü idi. Həm çox qədim şəhər idi, həm də dağlarla əhatələnmiş, çox yaşıllığı olan, yəni təbitətin gözəlliyi deyilən nədirsə onu özündə göstərən bir şəhər idi. Qaldığımız otel 1890-cı illərdə əsası qoyulmuş və hələ də fəaliyyətinə davam edirdi. Bütün işçilər isə (restoranda) yaşlı insanlar idi. Bunlar çox xoşuma gəlmişdi və çox maraqlı idi.

– Bəs Rumıniyada sizin verdiyiniz təlimdə hansı hisslər keçirdiniz?
– Ruminyada təlim maraqlı oldu. Eyni zamanda mənim üçün oxuduqlarımın bir sübutu, real həyatda təsdiqi olmuşdu. Belə ki, çox həyacanlı idim, o qədər həyəcan var idi ki, təlimin başlamasına 5 dəqiqə qalmışdı və mən düşünürdüm ki, nə etsəm, nə bəhanə tapsam təlim təxirə salınar. Amma bir anda “qorxduğunun üstünə getmədikcə qorxduğundan xilas ola, ona qalib gələ bilməzsən” prinsipini xatırladım və vaxt gəldi, mən təlimimə başladım.
Təlim çox bəyənildi. Gözlədiyimdən daha yaxşı oldu. Üstəlik bütün tədbir çərçivəsində ən yaxşı çıxış seçildi.
– Xaricdə başqa hansı ölkələrdə təlimləriniz olub?
– Türkiyədə və ABŞ-da. Türkiyədə daha çox universitet tələbələrinə. Boğaziçi Universitetində təhsil alarkən olub

belə təlimlər. Burada, ABŞ-da isə həm tələbələr , həm də iş adamları üçün təlimlərim olub. Həm Harvard-da, həm də universitetdən kənarda olur bu cür təlimlər.
– Bəs “Dünyanın Ən Ağıllı Adamı” olan Erdal Demirkıranla dostluğunuz necə yarandı?
– Erdal Demirkıran mənə böyük düşünmə, özümə inam, bir hədəf seçmə kimi mövzularda ən çox faydası olan insanlardan biri olub. Tələbə ikən tanış olmuşdum. Bu da onun bir kitabını oxumaqla oldu.
Kitabı oxuyub bitirdikdən sonra digər bütün kitablarını 15-20 gün içərisində oxuyub bitirdim. Həm də hər birini 3-4 dəfə oxumuşdum. Nəyə görə tam olaraq bilmirəm, amma fərqli idi onun yazdıqları, tərzi. Daha sonra onunla görüşməyə qərar verdim və bu da Türkiyəyə ilk səfərim oldu. Bir təlimi var idi ki, onda iştirak etməyi çox isdəyiridm. Təlim axşam 9-da başlayırdı və səhər saat 7-7:30-a kimi davam edirdi. İki günlük təlim idi. Lakin çox baha idi. Amma həm onlara dəfələrlə zəng vurdum və ciddi endirim aldım, həm də, borc topladım və İstanbula getdim. Təlimə isə sadəcə 7 nəfər alınırdı. Onlar da əlbətdə ki, öz işləri olan insanlar, seriallarda gördüyümüz məşhurlar idi və ən az yaşlı olan, ən kasıbı da mən idim.

Bundan sonra isə münasibətimiz yarandı və indi də bəzən yazılı, bəzən isə telefonla əlaqa saxlayırıq. Adətən mən zəng edirəm, çünki mənim suallarım olur. 🙂
– Harvardda təhsil almaq necə bir hissdir?
– Yaxşı bir hissdir. 🙂 Amma, mənfi emosiyalar yaşadığım vaxtlar da çox olur.
– İlk kitabınız haqqında nə demək istərdiniz?
– “Özünü Kəşf Et”- kitab mənə sürpriz etdi. Gözlədiyimdən daha çox uğurlu oldu. Çox bəyənildi. Bu qədər olacağını gözləmirdim açığı. İnanmırıdm. Amma necə oldusa məni təəccübləndirdi. Sadəcə “kitab hazırdır” mesajını nəşriyyatdan aldığım gündən çox sürprizlər yaşamışdım ard-arda. Kitab bir ay kimi satışa çıxarıla bilmədi bu sürprizlər nəticəsində, amma çıxdıqdan sonra da çox əla oldu.
Kitab ümumi desəm uğurlu olmğın psixologiyası haqqındadır və fərqli mövzulardadır. Yəni sadəcə bir mövzuda deyil.
– Gələcək planlarınız, hədəfləriniz? Yeni kitab planı varmı?
– Gələcək planlarım, hədəflərim çoxdur. Kitab planı da bəli, var. Artıq özümü bir yazar olaraq qəbul etmişəm və çox da xoşuma gəlir araşdırmaq, öyrənmək, öyrəndiklərimi özümdə sınamaq və daha sonra da bunları yazaraq insanlarla paylaşmaq. İkinci kitabımın üzərində işləyirəm hazırda və yaxında tamamlanacaq. Bu kitab birincidən fərqlidir. Fərqli mövzularda deyil, sadəcə bir mövzu üzərində çalışıram. Mövzunun nə olduğunu isə hələ ki, açıqlamaq isdəmirəm.

– Bloqunuz haqqında oxuyuculara məlumat vermək istərdinizmi?
– Bloqumda hal-hazırda daha çox elit məhsuldarlıq, tətbiq etmə, hərəkətə keçmə, davranış, vərdiş dəyişiklikləri mövzularında yazılar yazıram. Gələcəkdə mövzular da dəyişəcək, amma hələ ki, bu istiqamətlərdə davam edirəm.
– “#Kod Adı 15” nədir?
– “#Kod Adı 15” iddialı bir layihədir. Bunu hazırlamaqla iştirak edəcək insanlara dəstək olmaq, onların bəzi problemlərini bir yerdə həll etməyi hədəfləyirəm. Bunu da qeyd edim ki, layihədə iştirak etmək üçün hər hansı bir ödəniş etmək lazım deyil.
– Maraqlıdır. Ödənişsiz olmasının bir səbəbi varmı? Bir də bu proqramda iştirak edəcək insanlara kömək edəcəyinizi deyirsiniz. Bu necə olacaq?
– Bəli, ödənişsizdir. Layihdə iştirak etməyin ödənişsiz olmasının əsas səbəbi budur ki, bir çox gənc oxumaq, inkişaf etmək, öyrənmək istəyir. Amma ödənişli proqramlarda iştirak etmək onlar üçün maddi cəhətdən mümkünsüz olur. Bu layihə ilə məqsədim o gənclərə dəstək ola bilmək, onların inkişafına töhfə verə bilməkdir.
İkinci sualınıza gələk. Onlara necə kömək edəcəyəm? Çox utopik səslənə bilər, amma bu layihə üstündə çox düşünmüşəm, çox iddialı olduğunun da fərqindəyəm. İştirakçılar hansı problemlə mənə müraciət etmələrindən asılı olmayaraq onların bu çətinliklərinin həll edilməsini hədəfləyirəm. Lakin bunu da qeyd edim ki, proqramın da öz tələbləri var. Ödənişsiz olsa da potensial iştirakçılar əvvəlcə kiçik bir müsahibədən keçəcək. Daha sonra seçilmiş şəxslərə “#Kod Adı 15” layihəsinə start veriləcək.
– Bildiyimiz qədər tez-tez vebinarlar da verirsiniz.
– Doğrudur. Vebinarlar, onların keçirilmə vaxtı haqqında Facebook səhifəmdə məlumatlar yerləşdirilir. Maraqlananlar səhifədən izləyə bilər. Bu yaxınlarda növbəti bir vebinar olacaq – İradə Gücü. Poladdan Daha Möhkəm! Bu vebinarda iradə gücündən, onun zəifləmə səbəblərindən, onu necə gücləndirə biləcəyimizdən danışacağıq. Vebinar Bakı vaxtı ilə 10 oktyabr günorta saat 12-də başlayacaq.
(Vebinar üçün buradan qeydiyyatdan keçmək mümkündür.)
– Kimləri və nələri oxuyaq, dinləyək?

– Bu mövzuda məsləhət vermək çətindir. Amma yanaşmamı paylaşmaq istərdim. İlk öncə özümüzü oxumalıyıq. “Keçmişi Unut!” deyirlər daima, amma məncə əsla unutmamalıyıq. Çünki keçmişimizə baxıb analizlər etmədikcə, gələcəyimiz yenlilik deyil, təkrar olacaq. Buna görə də daima özümüzü oxumalıyıq ki, nəyi niyə etdiyimizin cavablarını tapaq. Həyatımızda olan, bizi narah edənlərin əslində səbəblərinin çox zaman özümüzdə olduğunu anlayaq. Ən əsası da odur ki, özümüzü nə qədər çox tanısaq, bizim üçün daha yaxşıya doğru dəyişmək də asan olacaq.
İkincisi digər insanları oxumaq. Onların həyatlarındakı nəticələrin səbəblərini. Bu da bizə əldə edəcəklərimiz və həyatımımzdan çıxaracaqlarımız mövzusunda çox faydalı olacaqdır.
Üçüncüsü isə kitab oxumağın trendləşdirilməyə, dəb halına salınmağa çalışıldığı hazırkı dövürdə fokusumuzu dəyişək. Yəni, gündə, həftədə, ayda neçə kitab oxuduğumuzla deyil, daha çox oxuyub öyrəndiklərimizi işləməklə, həyata keçirməklə məşğul olaq. Yazarlar olaraq kimin kitablarını deyə soruşsanız buna cavab verə bilməyəcəyəm. Deyərdim hərkəs yazarın təcrübəsinə, yazdığı mövzu və o mövzunun önəminə görə baxıb qərar versin.
– Son olaraq bizə bir tövsiyəniz?
– Sosial mediya hesablarını telefonlarınızdan silin! 🙂
– Zaman ayırdığınız və sualları cavablandırdığınız üçün çox sağ olun. Maraqlı müsahibə üçün təşəkkür edirəm.
– Mən təşəkkür edirəm. Çox sağ olun.
Qeyd: İsmayıl Vəliyevə vermək istədiyiniz başqa bir sual varsa, burada rəy yerinə yaza bilərsiniz.
Tövsiyə olunan digər yazılar:
- HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə
- SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.
- İnsan Resursları ilə şirkət performansı arasında əlaqə varmı ?
- 2016 üçün İşə Qəbul Trendləri
- Öz dilimizdə izlədiyim faydalı bloqlardan bəziləri haqqında.
- CC abreviaturasının dilimizdə 12 fərqli açılışı.
- Hansı namizədi seçməliyik ? “Gümüş qaşıq”, yoxsa “döyüşkən” olanı ?
Qeyd: İstifadə edilmiş şəkillər başqa mənbədən götürülüb.