Şahmatla əlaqəsi olan və mənim oxumuş olduğum 5-ci kitabdır. Amma “Şahmat” (“The Royal Game”) Stefan Sveyqin oxumuş olduğum tək kitabıdır. Bu günə qədər Sveyqi yaxından tanıya bilməməyin təəssüfü içindəyəm, ən azından oxumağa təşviq etməklə Sizi bu təəssüfdən qurtarmağı acizanə arzu edirəm. Bu kitabı tövsiyə etdiyi üçün İngilis dili üzrə peşəkar tədris mütəxəssisi olan bacım Çinarəyə təşəkkür edirəm. Keçək kitabın qısa məzmununa.

Kitabda hadisələr Nyu-Yorkdan Argentinanın paytaxtı Buenos-Ayresə gedən bir gəmidə cərəyan edir. Gəmidəki varlı bir sərnişin (Makkonor) təsadüfən şahmat üzrə dünya çempionu Çentoviçin də bu gəmidə olduğunu öyrənir. Makkonor Çentoviçi pul qarşılığından onunla şahmat oynamağa razı salır. Gözlənildiyi kimi Makkonor ilk oyunu uduzur. İkinci oyunda isə yenə də dünya çempionu Çentoviç oyunu udmaq üzrədir, amma bu zaman sərnişinlərdən biri Makkonora kömək etməyə, gedişləri deməyə başlayır. Oyuna müdaxilə edərək dünya çempionu ilə heç-heçəyə nail olan bu şəxsin adı eynilə belədir – Dr. B. Bu oyunu izləyən gəmi sərnişinləri dəhşət içindədir, adi bir insan dünya çempionu ilə heç-heçə etdi. Hamı növbəti oyunun məhz Çentoviçlə Dr. B arasında olmasını istəyir. Amma Dr. B bir daha şahmat oynamayacağına illər əvvəl çox sıxıntılı və əzablı günlərindən sonra söz verib.

Ən sonda Dr. B xahişlərə və təzyiqlərə dözmür, Çentoviç ilə sadəcə bir dəfə oynamağa razı olur. Ən əsası şahmatı necə öyrəndiyini və öz həyat hekayəsini bizimlə bölüşür. Kitabın ən maraqlı qismi də buradan başlayır. Onun həyat hekayəsi bir nəfəsə oxuyacağınız qədər maraqlı və dəhşətlidir. Bundan sonrasını marağınızı itirməmək üçün yazmıram və Siz dəyərli oxuyuculara həvalə edirəm… Necə deyərlər, oxumadan ölməyin! 🙂

Stefan Sveyq ilə “Şahmat” oynamaq və bundan zövq almaq üçün 8 səbəb:

  1. Avstriyada varlı bir yəhudi ailəsində doğulmuş Stefan Sveyqin o qədər tanınmış və qeyri-adi dostları olub ki, inanın bu insanı tanımağa, fikirləri və düşüncə tərzi ilə maraqlanmağa dəyər. Düşünün, Sizin belə dostlarınız olsaydı necə bir insan olardınız? Sveyqin məşhur dostlarından bəziləri: Oqyüst Roden (məşhur “Düşünən Adam” heykəlinin müəllifi), Maksim Qorki, Ziqmund Freyd, Rixard Ştraus, Bertolt Brext, Herbert Uells (elmi fantastik janrın atalarından), Ceyms Coys (“Dublinlilər”,”Uliss”) və ədəbiyyat üzrə 3 Nobel mükafatçısı – Romen RollanHerman Hesse, Tomas Mann. Daha da nə deyim?!
  2. “Şahmat” Sveyqin intihar etməzdən əvvəl yazdığı son və deyilənə görə ən məşhur əsəridir. Kitab Sveyqin həyatının son zamanlarında nələr hiss etdiyini, ruh halını, düşüncə tərzini anlamaq üçün ən orijinal mənbədir.
  3. Kitabdakı personajlar əslində real insanları təmsil edir. Savadlı, nəzakətli olan Dr. B əslində Stefan Sveyqin özüdür, kobud, savadsız, şahmatdan başqa heç nə bacarmayan dünya çempionu Çentoviç isə Adolf Hitlerdir, faşistlərin simvoludur. Əsər də Sveyq, onun həyata baxışı, çəkdiyi əziyyətlər, Hitler və tərəfdarlarının həyatı necə gördüyü, düşündüyü haqqındadır.
  4. Hitler tərəfdarları 4 ay Dr. B-ni həbsdə saxlayırlar, bu zaman ərzində Dr. B yalnızlıqla mübarizə aparır, bundan əziyyət çəkir. Sonunda bir hərbiçidən oğurlaya bildiyi şahmat kitabı ilə “dostluq” edir. O kitabla, şahmatla olan emosional əlaqəsi sözlərlə ifadə edilə bilməz. Buna bənzər hissləri Siz də yaşamış ola bilərsiniz. Mən hərbi xidmətdə olarkən Bakıdan yaxınlarımın göndərdiyi kitabları nə qədər sevdiyimi, o kitabları necə oxuduğumu, onları necə qoruduğumu bilirəm. Eyni hissləri təkrar xatırladım.
  5. Şahmat taxtası və fiqurları olmadan şahmat oynamaq mümkündürmü? Bir də həbsdə. Dr. B əslində çox güclü bir personajdır, bizə mümkünsüz olduğu zaman belə istədiyimizi reallaşdıra bilməyin mümkünlüyünü göstərir. İnadla çalışdığımız zaman mümkünsüz heç nə yoxdur.
  6. Əsər hər iki Dünya Müharibəsinə qarşı olan Stefan Sveyqin İkinci Dünya Müharibəsinə etirazının fərqli formada təzahürüdür.
  7. Stefan Sveyq ABŞ-ın İkinci Dünya Müharibəsindəki roluna da toxunur. Kitabda adı keçən varlı iş adamı Makkonor böyük ehtimalla ABŞ-ı təmsil edir.
  8. Başqa bir fərziyyə daha. Dünyanın şahmat üzrə 6-cı çempionu olan Mixail Botvinnik deyir ki, Sveyqin “Şahmat” kitabındakı Çentoviç daha çox Robert Fişerə (Şahmat üzrə 11-ci Dünya çempionu) bənzəyir. “Amma aralarında çox ciddi bir fərq də var. Fərq odur ki, Çentoviç çox darıxdırıcı bir oyun oynayır, Fişer isə tam tərsinə, çox maraqlı.”

Tövsiyə olunan bəzi yazılar:


İstifadə edilmiş mənbələr:


İstifadə edilmiş şəkil başqa mənbədən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma