Məncə bəhs edəcəyim həmvətənlərimizlə sadəcə bu gün deyil, hər gün fəxr etməyimiz və nümunə götürməyimiz lazımdır.

12 Aprel 1961-ci il ilk dəfə bir insan – Yuri Qaqarin – Vostok adlı kosmik gəmi ilə kosmosa uçdu və 108 dəqiqə fəzada qaldı. Təbii ki, məqsədim kosmosdan və fəza hadisələrindən danışmaq deyil. Məqsədim iki dahi Azərbaycanlıdan danışmaqdır. Bu iki nəfər ABŞ və o zamankı SSRİ-nin kosmonavtikasında ciddi işlər görmüş, söz sahibi şəxslər olub.

İlk olaraq Sovet İttifaqı Qəhrəmanı General Kərim Kərimov haqqında: 1961-ci ildə SSRİ-nin həyata keçirdiyi ilk insanlı uçuşa görə o, önəmli fəaliyyətləri səbəbi ilə Lenin Ordeni (SSRİ-nin ən yüksək mükafatı) ilə təltif olunur (1987-ci ildə ikinci dəfə bu ən yüksək mükafata layiq görülür). Eyni zamanda Kərim Kərimov general-mayor rütbəsinə yüksəlir. 1987-ci ilə qədər onun kim olduğu haqqında ictimaiyyətə rəsmi məlumat verilmir. Yalnız bu ildən sonra SSRİ kosmonavtlarının uçuşlardan sonra birbaşa məruzə edərək məlumat verdiyi, insanların sadəcə səsini eşitdiyi o yüksək rütbəli dövlət adamının məhz Azərbaycanlı General Kərim Kərimov olduğu bilinir. Azərbaycanlı general 1966-cı ildən
etibarən SSRİ Kosmik Gəmilər üzrə Dövlət Komisiyasının sədri vəzifəsinə təyin edilir və düz 25 il bu yüksək postda fəaliyyət göstərir. Düşünün ki, bütün SSRİ (o zaman dünyanın ən güclü iki ölkəsindən biri) üzrə bütün kosmik uçuşlar, Aya və planetlərə raketlərin göndərilməsi məsələlərində son qərar, son söz məhz bu Azərbaycanlıya aid olub. Adlarını çox eşitdiyimiz “Soyuz”, “Salyut”, “Mir” layihələri də General Kərim Kərimovun birbaşa rəhbərliyi ilə hazırlanıb.
İkincisi isə ABŞ-ın Berkli Universitetinin ömürlük professoru Lütfi Zadə (Lütfəli Əsgərzadə). Lütfi Zadə haqqında daha çox məlumat bilinir. Sadəcə olaraq bunu deyim ki, onun qeyri-səlis məntiq yanaşmasından onlarla dünya markası firma geniş şəkildə istifadə edib və edir (o markalardan bəziləri – Mitsubishi, General Motors, General Electric, Motorolla, Kodak, Toshiba, Canon, Sony, Honda, Nissan, Sanyo və s.). Lütfi Zadə Yaponiya elm adamlarına verilən ən yüksək mükafat sayılan Honda mükafatına layiq görülüb. Onun yanaşmaları əsasında NASA (ABŞ-ın Milli Kosmik Tədqiqtalar Mərkəzi) böyük layihələndirmələr həyata keçirib. Fəxr etməyə artıqlaması ilə dəyər.
Əgər elmi işlərin və akademik məqalələrin axtarıla bildiyi Google Scholar-da içik bir araşdırma aparsaq, çox maraqlı bir nəticə ilə də qarşılaşmış olarıq. Misal üçün, çoxumuzdan soruşsaq ki, müasir elm dünyasının ən populyar alimləri kimlərdir? Yəqin ki, Albert Eynşyteyn və Stiven Hovkinqin adını mütləq çəkərik. Bir də son zamanlar Nobel mükafatı aldığı üçün qardaş ölkə Türkiyədə çox popular olan Aziz Sancar var. Bəlkə onun da adı keçər bu siyahıda. İndi gəlin araşdırma edək. Sizcə bu alimlər və Lütfi Zadəni müqayisə etməyə çalışsaq, hansı alimin elmi işləri daha çox istinad (citation) alıb? Maraqlıdır? Elə isə buyurun nəticələrlə tanış olun.
Bu cədvəldə son üç ildə və ümumilikdə bu dörd alimin elmi işlərinin aldığı istinad sayları qeyd olunub. Məlum olur ki, həmvətənimiz Lütfi Zadə Aziz Sancar, Albert Eynşteyn və Stiven Hokinqdən həm son üç ildə, həm də ümumilikdə daha çox istinad alıb. Bu möhtəşəm bir hissdir.
Azərbaycan çox istedadlı insanların vətənidir, kosmonavtika sahəsində dünyanın iki lider ölkəsində kosmik təşkilatlar üçün əvəzsiz insanlar olan həmvətənlərimiz ilə fəxr edək. Hər birimiz öz sahəmizdə marka olmağa çalışaq.

Tövsiyə olunan bəzi yazılar:
- e-KİTABXANA
- Öz işini qurmaq istəyənlərin baxmalı olduğu 118 film və 15 TED.com çıxışı
- İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam
- İnsan Resursları (HR) üzrə magistratura üçün dünyanın ən yaxşı universitetləri
- Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır
- İşə qəbul zamanı Maksimus effekti
- Sən “döyərsən”, yoxsa CV-in ?
- 2016 üçün İşə Qəbul Trendləri
İstifadə edilmiş mənbələr: