Cavid İspan dilinin tədrisi üzrə mütəxəssisdir. Ölkəsində fəaliyyət göstərən bir şirkətdə yaranmış İspan dili üzrə tədris mütəxəssisi vakansiyası üçün müraciət edir. Müraciəti qəbul olunan Cavid müsahibəyə dəvət olunur və ilk mərhələni uğurla keçir, növbəti mərhələyə dəvət olunur. Çıxışda İR üzrə mütəxəssis Cavidə yaxınlaşır və bu mərhələdə əyani şəkildə bir dərs verəcəyi, dərsin konkret hansı mövzuda olacağı haqqında şifahi məlumat verir… Təyin olunmuş vaxtda şirkətə gələn Cavid tədris üçün müəyyən olunmuş otağa daxil olduğu zaman sürprizlə qarşılaşır. Belə ki, ondan hazırlaşdığı kimi ənənəvi şəkildə deyil elektron vasitələrdən istifadə edərək dərs keçməli olduğu bildirilir. Ən maraqlısı isə budur ki, tamam fərqli bir mövzuda çıxış etməsi tələb olunur. Burada Cavidin iki çıxış yolu olduğunu düşünürəm. Birincisi, həqiqəti danışmaq. Yəni, ilk mərhələdə İR mütəxəssisinin ona fərqli məlumat verdiyini demək. Bu zaman onun dərs keçmək qabiliyyətini qiymətləndirəcək mütəxəssislərdə mənfi fikir yarana bilər (müəllim elektron vasitələrdən istifadə edə bilmir və ya sadəcə bəlli mövzuda çıxış edə bilər, bu bizim axtardığımız mütəxəssis deyil) və ya işə qəbul olmadan özünə düşman qazanmış olar. İkincisi, heç bir şey demədən dərsini keçmək. Bu zaman heç şübhəsiz ki, bu negativ sürpriz onun performansına təsir edəcək, böyük ehtimalla işə qəbul edilməyəcək… Hər iki halda uğurlu olmaq şansı çox azdır.

Bu halın iki səbəbdən baş verə biləcəyini düşünürəm. Birincisi, ola bilsin ki, müvafiq şirkətin İR departamenti çox da sistemli şəkildə işləmir. Lakin, mənim üzərində durmaq istədiyim variant ikinci variantdır – İR mütəxəssisi bunu qəsdən, planlı bir şəkildə edib. Məqsədi başqa birinin (tanıdığı birinin) bu işə qəbul edilməsinə nail olmaqdır. Bu daha çox o zaman baş veriri ki, bu planı quran şəxs işə qəbul prosesində son söz sahibi deyil və yalnız bu şəkildə məqsədinə nail olmağa çalışır.

Niyə buna məhz Maksimus effekti adını düşündüm? Bu adı çoxumuza bəlli olan bir filmdən aldım (“Qladiator”, 2000-ci il, Rejissor – Ridli Skott). Filmin bir səhnəsində Kommod (Xoakin Feniks) Maksimusu (Rassel Krou) Kolizeydə bir qladiator döyüşündə məğlub edə bilmək üçün onu öncədən gizli şəkildə yaralayır, bu yolla ona rahatlıqla qalib gələcyini düşünür. Maksimus döyüş zamanı insanlara heç bir şey izah edə bilməzdi. Çünki, hər kəs onu qorxaq kimi tanıya bilərdi. O, bizim nümunəmizdəki ikinci yolu seçir. Döyüşün sonunda Maksimus qalib gəlsə də, özü də ölür.

İndi qayıdaq mövzumuza… Əgər bu İR mütəxəssisi Nikkolo Makiavellinin, Baltazar Qrasianın “məqsədə aparan bütün yollar mübahdır” prinsipini həyatı üçün bünövrə olaraq görməyən inanclı bir insandırsa, o bu yola üz tutmaz. Dürüst, ədalətli və əxlaq prinsipləri çərçivəsində davranar. İş üçün müraciət etmiş insanları ədalətli bir şəkildə qiymətləndirər və onların ədalətli bir şəkildə müsahibələri keçməsini təmin edər. Bununla sadəcə namizədlər üçün ədalətli rəqabət mühiti yaratmqala qalmaz, eyni zamanda rəhbərlik tərəfindən ona göstərilən etimadı doğruldar, necə deyərlər, halallıqla aldığı məvacibin də haqqını vermiş olar. Hesab günü də heç olmazsa bunlardan sorğu sual olunmaz. Bunu unutmamaq lazımdır ki, “Yarın Hakkın divanına varınca, Süleymandan hakkın alır karınca!

Yox əgər bu İR mütəxəssisi üçün yuxarıda sadalanan faktorlar ciddi əhəmiyyət kəsb etmirsə, o zaman bir az daha fərqli bir şəkildə də düşünmək üçün alternativi var. Burada Lax və Sebeniusun etik/əxlaqi sualları mövzuya daxil olur. İR üzrə mütəxəssis addım atmazdan öncə bu sualları özünə verərək səmimi şəkildə cavablandırarsa, uzun müddətli daxili/mənəvi sabitlik, rahatlıq, ruh halında balans əldə etmiş olacaq. Misal üçün, İR üzrə mütəxəssis işə qəbul zamanı bəlli namizədi (namizədini) bu mövqeyə gətirmək üçün digər namizədləri bu müsabiqədən ədalətsiz şəkildə uzaqlaşdırmağa çalışarkən bu sualları özünə verə bilər. Bu suallar onu doğru, etik olan qərara yönəldəcək:

  • Verdiyiniz qərarı müdafiə edərkən içiniz rahatdırmı? Özünüzü vicdan baxımından rahat hiss edirsiz ya yox?
  • Verdiyiniz bu qərar haqqında ailə üzvlərinizin, valideyinlərinizin, iş yoldaşlarınızın məlumatı olmasını istəyərdinizmi?
  • Əgər verdiyiniz bu qərar hər kəsin oxuduğu bir qəzetdə və ya hər kəsin baxdığı bir televiziya verilişində işıqlandırılsaydı insanların arasında özünüzü necə hiss edərdiniz?
  • Eyni vəziyyətdə bu qərarın sizə və ya ailənizin bir üzvünə qarşı verilməsini ədalətli hesab edirsinizmi? Bu sizi razı salarmı?
  • Əgər eyni vəziyyətdə hər kəs sizin kimi davranarsa, necə olar? Bu şəkildə formalaşan cəmiyyət bəyənilən bir cəmiyyət olarmı?

Düşünürəm ki, əxlaqi dəyərləri aşınmamış bir insanın bu suallardan sonra verəcəyi qərar daha ədalətli və etik olacaq. Bir düşüncəyə görə əgər qırmızı işıqda dayanarkən bunu qorxudan, cəza yazılacağından və ya ictimai qınaqdan qorxaraq ediriksə bu heç də əxlaqlı davranış sayılmır. Bu etik olduğu və digər insanlara qarşı ədalətli davranmalı olduğumuz üçün edilməlidir. Çox zaman cəmiyyətimizdə bəzi dəyərlərin aşınmasından, müxtəlif neqativ halların artmasından şikayətlənirik. Amma gəlin baxaq, bəs biz özümüz nə dərəcədə bu halların yayılmasına xidmət edirik? Düşünürəm ki, hər birimiz əlimizdə olan imkanlar nisbətində bu halların geniş şəkildə vüsət almasına mane ola bilərik. Ən azından daha vicdanlı və daha ədalətli olmaq üçün.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma